Gündəm 

Erməni ekspertin etirafı: Bizi daha böyük fəlakət gözləyir

Uzun illərdir sosial-iqtisadi problemlərlə üz-üzə qalan Ermənistan 44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra yeni tənəzzül dövrünə qədəm qoyub. Belə ki, məğlub ölkə ciddi ictimai-siyasi xaosla yanaşı, dərin sosial-iqtisadi böhran dövrünü də yaşayır. Erməni ekspertlərin də etiraf etdiklərindən aydın olur ki, bu gedişlə işğalçı ölkə daha böyük fəlakətlərlə üzləşməli olacaq.

Beləliklə, yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak mallarının, xüsusən də ərzaq məhsullarının qiymətində olan artım mövcud durumu daha da pisləşdirir ki, bu da cəmiyyətdə getdikcə daha böyük narazılıq yaradır.

Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir Vardan Aramyan 2022-ci ilin qalan ayları üzrə proqnozları nəzərdən keçirərkən bildirib ki, Ermənistan qarşıdakı dövrdə həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək. 2020-ci ilin böhranından sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ, həm də region ölkələri arasında ən dərindir. 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağı düşüb. Ən azı 7 faizə yaxınlaşa biləcəyi ilə bağlı proqnozlar fantaziyadan başqa bir şey deyil.

Ölkə iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan, artıq xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə bunu özündən başlamalıdır: “Hökumət özünü necə doğrultsa da iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də mən iki amili səsləndirəcəyəm. Unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq”.

Hətta ölkənin turizm sektoru da ziyana işləyir. Əgər əvvəllər xaricə təklif edilən turist paketi şərti olaraq 1000 dollara başa gəlirdisə, indi 1200 dollar olacaq. Ona görə də turist Ermənistana gəlməzdən əvvəl daha çox düşünməyə başlayır. Hətta Ermənistanın rəqabət qabiliyyəti aşağı düşür. Tikinti sektoru da bu problemdən zərər çəkir. Tikinti sektorunda qiymətlər dollar-dram nisbətində sabitdirsə, indi nisbət dəyişdikcə qiymət artımına başlanacaq və ya itkilər yaranacaq.

Ermənistan rəqabət qabiliyyətli qiymət üstünlüyünü itirdiyindən İT sektoru da zərər çəkir. Məsələn, əgər əvvəllər “X” şirkəti xaricdən ayda 100 min dollar alıb 20 proqramçının maaşını ödəyirdisə, bundan sonra həmin məbləği alaraq 18 proqramçının maaşını ödəyəcək. Qalanını ya işdən çıxaracaq, ya da ortaqları üçün qiymətləri qaldıracaq və müştəri itirəcək.

Ermənistanda hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlərin artırılması fonunda istehlak və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.  İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq  səviyyəsi artır və bu tendensiya davam edir: “2022-ci ilin qalan dövründə qiymətlərin  kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam  edəcək”.

Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir. Bu gedişlə 2022-ci ildə Ermənistanın daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.

Bütün bunların fonunda əhali isə çıxış yolunu yalnız ölkəni birdəfəlik tərk etməkdə görür. Məsələn, açıqlanan rəqəmlərdə qeyd olunur ki, Ermənistanı 2021-ci ildə 73571 ölkə vətəndaşı tərk edib.

Daha çox xəbərlər