Ağsuda indiyədək 2300 tondan çox meyvə və giləmeyvə yığılıb
Ağsu rayonunda meyvə və giləmeyvə yığımı davam edir. Rayonda indiyədək 2361 ton məhsul istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 234 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, hazırda Ağsuda 3274 hektar meyvə bağı var. Bağların 3227 hektarı məhsuldardır. Bu il rayonun əksər ərazilərində, xüsusilə dağlıq Kalva, Nuran, dağətəyi və aran ərazilər olan Bozavand, Pirhəsənli, Ərəbmehdibəy, Kəndoba və bir sıra digər icra nümayəndəliklərində bol meyvə yetişdirilib. Artıq hər yerdə alça, gilas, tut yığımı başa çatıb. Hazırda gavalı, göyəm və şaftalı yığılır. Bağlarda bol alma, armud, nar, əzgil, xurma, fındıq da yetişdirilir.

