Artıq Ağalıda Azərbaycan mətbəxinin şahı plovun ətri gəlir
Yaxınlarda el şənliklərinin, toy-düyünlərin də şahidi olacağıq
Zəngilan rayonunun Ağalı kəndində «ağıllı kənd»” layihəsi çərçivəsində görüləcək işlərlə tanış olanlar qısa müddətdə nəzərdə tutulan, biri-birindən əhəmiyyətli, eyni zamanda önəmli işlərin yerinə yetiriləcəyinə bəlkə də şübhə ilə yanaşırdılar. Amma təcrübə göstərir ki, lider qətiyyəti, siyasi iradə, düzgün idarəetmə bacarığı olan yerdə maneədən, keçilməz sədlərdən danışmaq özünə inamsızlıqdan başqa bir şey deyildir. 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuran, Müzəffər Ali Baş Komandan kimi Ermənistanı diz çökdürən, keçilməz istehkamları dağıdan, Qələbəyə yol açan Prezident İlham Əliyev bu gün qurucu, yenilikçi dövlət başçısı kimi, əzmkarlıq göstərir. Qlobal səviyyədə belə maraq doğuran reallıqların təşəbbüskarı olan Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağalıda yaradılan möcüzələr təsdiqlədi ki, maraq, qətiyyət olan yerdə insanın keçə bilməyəcəyi sədd yoxdur.
…Prezident İlham Əliyevin xüsusi nəzarətində olan «ağıllı kənd» layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işlərinə başlanıldı. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, 360 şagird yerlik məktəbin, 60 yerlik uşaq bağçasının, digər sosial, məişət, xidmət obyektlərinin inşası sürətlə davam etdirildi. İnşaat işləri ilə paralel olaraq kommunikasiya layihələri həyata keçirildi. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşdı. Müasir şəhərsalma standartlarına uyğun yollar çəkildi. Kənd təsərrüfatının inkişafı, ərzaq məhsullarının istehsalı məqsədilə əkinə yararlı torpaqlar müəyyənləşdirildi. Suvarma sistemləri quraşdırıldı. Layihədə nəzərdə tutulan 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanılması üçün ictimai ferma təşkil olundu. Hazırda adı çəkilən bəzi obyektlər Ağalı sakinlərinin istifadəsinə verilib, perspektivlər reallaşıb.
Zəngilan rayonunun Ağalı kəndində «ağıllı kənd»” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşlərində başlanan köç münasibətilə sevinclərini bölüşdülər. Müstəqillik Günü ərəfəsində belə bir görüşün böyük rəmzi mənası olduğunu qeyd edərək, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsinin məhz müstəqilliyimizin möhkəmlənməsinin bariz nümunəsi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu cür layihələr həyata keçirilə bilər : «Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir.»
Siyasi cəhətdən sabit, təhlükəsizlik diyarı olan Azərbaycan Ermənistanın zəbt etdiyi torpaqlarını öz gücü ilə azad etdiyi kimi, bərpa-quruculuq işlərini də heç bir beynəlxalq təşkilatdan dəstək almadan davam etdirir. Əminlik yaradan reallıq budur ki, iqtisadiyyatını gücləndirməklə hərbi gücünü də artıran ölkəmizdə belə «ağıllı kənd»lərin sayı çox olacaq. Zəngilanın bütün kəndləri Ağalı kimi yenidən qurulacaq, normal həyatın qayıtması üçün insanlar ikiqat səylə çalışacaqlar. Erməni vandallarının məhv etdikləri tikililəri yenidən bərpa edəcəklər. «Təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər» söyləyən Prezident İlham Əliyev ilk pilot layihənin məhz Zəngilanda icra edilməsini daha çox dağıntıya məruz qalan rayonun dirçəldilməsi, daxili resurslardan istifadə baxımından önəmli addım adlandırdı.
«Ağıllı kənd» konsepsiyasına görə Ağalıya 4 mərhələ üzrə 41 ailə köçürülüb. Doğma evlərinə qayıdan sakinlər yüksək keyfiyyətli «ağıllı texnologiyalarla» təmin olunmuş evlərlə təmin olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda məskunlaşan əhali üçün yüksək səviyyəli rabitə xidməti göstərilir, ticarət obyektləri açılıb. Nəqliyyat infrastrukturuna xüsusi diqqət göstərilir, dəmir, avtomobil yolları çəkilir, bərpa- yenidənqurma işləri davam etdirilir. «ASAN xidmət», DOST mərkəzlərində kənd sakinlərinin tələbatına uyğun 100-dən artıq xidmət göstərilir. Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin, «Kapital Bank»ın Zəngilan filialının, «Güllimed» tikiş fabrikinin, uşaq bağçası və kənd orta məktəbinin açılması, küçələrin «ağıllı» işıqlandırılması sakinlərin rahatlığı üçün nəzərdə tutulub.
Artıq bir neçə gündür ki, doğma evlərinə dönməklə qaçqın- köçgün nisgilinə son qoyan ağalılılar Böyük Qayıdışın ilk köçü kimi də tarixə imza atdılar.
Cənab İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu ərazidə görüləcək işlərdən bəhs etməklə perspektivləri də açıqlamışdı:
«Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.»
Yuxarıda qeyd olunduğu kimi, cəmi bir neçə ay bundan əvvəl gələcək zaman üçün deyilənlər artıq həllini tapıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu yenilənir. Gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi rolunu oynayacaq Zəngilan Beynəlxalq Hava Limanı bu il istismara veriləcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması coğrafi, iqtisadi, nəqliyyat, təhlükəsizlik baxımından daha əhəmyyətlidir . Zəngilan rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün beynəlxalq nəqliyyat vasitəsi olacaq. Sakinlərin rahatlığı üçün dörd və altı zolaqdan ibarət avtomobil yolu inşa edilir.
…Artıq Ağalıya qayıdan sakinlərin təzəcə məskunlaşdığı evlərdən milli yeməklərimizin şahı olan plovların ətri gəlir. Çox yaxında el şənliklərinin, toy -düyünlərin də şahidi olacağıq. Bütünlükdə Qarabağa qayıdışın ilk addımları olan Ağalı köçü Azərbaycan xalqı üçün tarixi hadisə, Zəfərimizin sevincli anlarıdır.

