Cəmiyyət 

Aktrisanın nəfəsini darıxdıran o gənclərin çoxu Zəfərimizin qəhrəmanları oldular

Seriallara çəkilmək hələ aktyor kimi tarixdə qalmağa zəmanət vermir

Həm tələbəlik illərindən yaxşı tanıdığım, istedadlı jurnalist, “525-ci qəzet”-in redaktoru Yusif Rzayevin feysbukda yüksək bal (Nərmin Sadıqlı – 697.5, Ləman Əliyeva 671,3) toplayaraq tələbə adını qazanmış iki gənc haqqında qürur dolu paylaşımından sonra kənddən gələn gənclərin hansısa bir aktrisanı şəhərdə hava almağa imkan verməməsi haqqında geniş xəbərlər yayılması təəssüf doğurur. Bakıdan uzaqda, İstanbulun klinikalarından birində ağır əməliyyatdan yenicə çıxdığımdan sağlamlığım ciddi imkan verməsə də, sabahımız olan gənclərə hər iki münasibət haqqında qısa mülahizələrimi oxucularla bölüşmək fikrindən vaz keçə bilmədim.

Əsl sənət adamı ötəri qıcıqlandırıcı metodla gündəmə gəlməkdən uzaq durmalıdır

Burada olduğum iki həftə ərzində gənclərimizin uğurları ilə bağlı təkcə həmkarımızın deyil, sosial şəbəkələrdən, imkan tapıb elektron səhifələrini izlədiyim informasiya mənbələrindən digər xəbərlərlə də maraqlanıram və inanın ki, məhz Azərbaycan gənclərinin son dövrlər qazandığı uğurlar adamın ürəyini riqqətə gətirir.  Bu da mümkündür ki, bu uğurlarımız kənardan bir az da aydın görünür, qürbətlik hissi də bu tərəfdən!

Əvvəlcə jurnalist həmkarımızın öz səhifəsində paylaşımına diqqət yetirək:

“Bu iki gül bala mənim də 5 il oxuduğum Ağcabədinin Rəncbərlər kənd orta məktəbinin məzunlarıdır. Kənd məktəbində oxuya-oxuya yüksək nəticə göstəriblər. Çox sevindim. Bu gün uğur qazanan bütün balalrımızın yolu açıq olsun.

Hə, bir də bunu deyim: Bu şəkildəki Nərmin balanın nənəsi nənəsi- sevimli Fatma müəllimə mənim sinif müəlliməm olub… Yəqin bu günü görsəydi, çox sevinərdi.

Ruhu şad olsun!… “

Qısa və konkret ifadə olunan bu kiçik xəbərdə nə qədər böyük sevinc hissi ifadə olunub. Üstəlik vaxtın darlığından bir tikə çörək kəsməkdən də  boyun qaçıran dost redaktorun xəbərin foto tərtibatı ilə qayğılanması onun geniş ürəyindən xəbər verir.

…Və məncə (səhv edirəmsə düzəltsinlər) hansısa gözəllik firmasından məhz yaddilli personaj kimi seriallara gətirilən, bəlkə də həmin obrazı uğurla canlandıran aktrisa şəhərə axışan kənd cavanlarının əlindən nəfəs ala bilmədiyini dilə gətirir. Niyə nəfəs ala bilmədiyi səbəbi mənə aydın deyil, maraqlanmıram da. Bəlkə də öz elit həyatını qabartmaq üçün sadə kənd cavanlarını aşağılamağa üstünlük verib gündəmə gəlmək istəyir. Ancaq mənfi emosiyasını televiziya kanalından ictimaiyyətə bu şəkildə ərz eləməsi yolverilməzdir. Bu, ilk növbədə verilişi aparan jurnalistin, həmin kanalın,  mətbuatımız, xüsusən gənclərin təlim-tərbiyəsi üçün cavabdeh olan hər bir qurumun, sənin, mənim, ümumilikdə hamımızın laqeydliyinin nəticəsidir.

Ancaq bütün bunlardan sonra kənd cavanlarını aşağılamağı ağlından keçirməsin. Mən bu aktrisa dünyaya göz açmamışdan əvvəl Bakıya təhsil almağa gəlmişəm, burada həyatımı qurmuşam, üç övlad böyüdüb ali təhsil vermişəm. Uğurlarım da şükür Allaha! Bakımı da doğma şəhərim kimi çox sevirəm! Şəhərin sıxlığı darıxdıranda kəndə, dağlara, meşələrə üz tutmaq adətimi məni yaxından tanıyanlar yaxşı bilir. Azərbaycanın elə dilbər guşəsi yoxdur ki, bulağından su içməyim, elə rayonu yoxdur ki, gözəlliyini doyunca seyr etməyim (elektron səhifəmdən də şahid olmaq mümkündür). Xəzəri sevdiyim kimi dağ və düzənlərimizi dolaşan çayları, mirvari incisi kimi təbiətə yaraşıq olan gölləri, durna gözlü bulaqları çox sevirəm.

Mənim üçün harada yaşamağının fərqi yoxdur, yaxşı insana qənimət kimi baxıram. Özüm ona doğru can atıram. Vaxtilə həyan durduğum, qol-qanad verdiyim o kənd oğlan və qızlarından yüksək vəzifələrdə çalışanları, ürəyinin odunu Vətən üçün yandıranları az deyil. Mən onlarla qürur duyuram.

Şahidlərim olduğu üçün yaxınlarda baş verən bir olay barədə söz açacam. Şuşaya kollektiv səfərimiz zamanı Füzulinin Əhmədbəyli kəndində nahara dayanmışdıq. 6 nəfərlik süfrə arxasında mobilimə zəng gəldi. 7 il öncə çox böyük çətinliklə (müsahibələrdən keçmirdi?!…) yanımda mühüm bir sahəyə işə götürdüyüm və müəyyən tövsiyələrimə həmişə əməl edən gənc idi. Gözümün yaşardığını görən həmkarlarımın narahatlığını götürmək üçün məsələni açdım: gənc davamçımı daha bir pillə irəli çəkmişdilər və o ilk sevincini mənimlə bölüşürdü. Bu, son üç ildə onun ikinci uğuru və deməli ikinci belə zəngi idi. Şuşa səfərimdən qayıdanda yadıma düşdü ki, gəncin anası, ilk hərbi jurnalistlərdən olmuş həmkarımı bu münasibətlə təbrik etməyi unutmuşam. İnanmaq çətindir, ana bu xəbəri ilk olaraq məndən eşidirdi… Mənim işçim ilk xəbərlə köhnə rəisini sevindirməyə üstünlük vermişdi. Qürurlu deyilmi?

Aktrisanın nəfəsini darıxdıran o gənclərin çoxu bizim zəfərimizin əsas qəhrəmanları sırasında oldular, çəkinmədən canlarını fəda etdilər, şəhidlik, qazilik zirvəsinə ucaldılar. Bu gün respublikamızı dünyada təmsil edən ağıllı, savadlı gənclərimizin sayı-hesabı bilinmir. Dünyada ilk olanların, ən birinci sırada, ən uca zirvədə dayanan gənc həmvətənlərimizin uğurlarına sevinmək üçün özünü mələk hesab edib, müştəbehlik fikrinə düşməyəsən gərək, danışığını, davranışını ağılla idarə edəsən! Seriallara çəkilmək hələ aktyor, aktrisa kimi tarixdə qalacağına zəmanət vermir. Teatr, kino sənəti həm də həyat məktəbidir. Çünki hər bir yaradıcılıq nümunəsi yaşanan ömrün, dövrün, zamanın güzgüsüdür! Sənət adamı ötəri qıcıqlandırma metodu ilə gündəmə gəlməkdən uzaq durduqda zirvəyə qalxa bilir. Yaradıcı insan öz sahəsinin peşə etikasına yiyələnməlidir, estetikadan anlamı olmalıdır.

Bir Allah bilir ki, xanım sənət adamı (adını, soyadını da bu səbəbdən çəkmirəm)  haqqında bu cür bəhs etdiyimə görə hansı hissləri keçirirəm. Ancaq gənclərimizin müdafiəsi işini də ləyaqət, vicdan işi hesab edirəm. Çünki, mən rayon yerlərinə səfərlərimdə xüsusən gənclərlə təmas qurmağı üstün tuturam. Onlarla kitabdan, elmdən, bütövlükdə həyatdan maraqlı söhbətlər edirik. Fəhlə, kəndli, müəllim, həkim, polis, çayçı, traktorçu, suçu, çoban… fərqi yoxdur, insanlıq vəzifə və peşə ilə paylanmır, bu, Allah vergisidir! Təzə dostlar da tapıram, köhnələri itirməməyə çalışıram. Və inanın ki, xüsusən ZƏFƏRimizdən və QAYIDIŞdan sonra onların hansı daxili enerjiyə, necə saf ürəyə, dağ havası tək duru, səma kimi aydın təfəkkürə malik olmalarını görmək çox sevindiricidir!

Mahir CAVADLI,
Şair-jurnalist
İstanbul, 4 avqust 2022

Daha çox xəbərlər