Cəmiyyət 

Vətən sevgisi

Sirus Hamil oğlu Şirbəylini  İkinci Qarabağ müharibəsində cəng meydanına Vətən sevgisi harayladı. Yardımlının  Zevin kəndində dünyaya göz açmış   bu dağlar qartalı  müharibənin ilk günündə döyüş meydanına  atılır, qələbəyə bir  addım qalmış  şəhidlik zirvəsinə ucalır. Bununla da 24 illik ömür yolu qəhrəmanlıq məktəbi kimi tarixə yazılır. Beləcə ürəklərdə yurd-yuva quran Sirus dövlət tərəfindən də  ölümündən sonra   “Vətən uğrunda”,  “Şuşanın azad olunmasına görə” medallara layiq görülür.

Mərdlik, cəngavərlik ruhuna, qanına bu ulu yurdun vüqarı ilə hopmuş  Sirus Şirbəyli  2013-cü ildə canından əziz bildiyi Vətənin keşiyinə yollanır. Sərhəd Qoşunlarında övladlıq borcunu ləyaqətlə yerinə yetirir. Nümunəvi əsgər olaraq  yalnız  özünə hörmət qazandırır. Düşməndən qisas almaq  istəyi  hər an Sirusu düşündürür. Məhz əsgərlikdən sonra özünü hərbiyə bağlamağı da bundan irəli gəlir.  Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi  xalqına, doğma  Azərbaycanın hər qarışına məhəbbət hissini ürəyində  yaşatmaqla  təlimlərdə fərqlənir, nümunəvi hərbiçi kimi xüsusi peşəkarlığı ilə seçilir. Hər əməlində əsl vətəndaş, mənəvi cəhətdən zəngin insan,  vətənpərvər əsgər olduğunu sübut edir…
Yardımlının qəhrəman oğlu  2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində birinci gündən ən qaynar nöqtələrə can atır. Və erməni dığalarla sona qədər döyüşüb  qisas alacağına and içir.   Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərir.  Ağır müharibələrin qalibi olur. Göstərdiyi hünər,  yağı düşmənə vurduğu zərbələr gündən-günə artır.  7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən ağır müharibədə  döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır .  11 noyabr 2020-ci ildə Yardımlı rayon Zevin kənd qəbiristanlığında dəfn olunur. İndi onun yatdığı torpağı Yardımlı camaatı ən müqəddəs yer bilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər