Azərbaycanda daha bir dərman zavodu: Çox istehlak edilən 3 adda məhsul istehsal edəcək
Xəbər verildiyi kimi, “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və “Diamed Development Group” MMC şirkəti arasında İnfuzion məhlulların istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.
Layihənin əsas məqsədi infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun təşkil edilməsidir. Əsasən “Natrium xlorid 0,9%”, “Ringer laktat” və “Qlükoza 5%” məhsulların istehsalı nəzərdə tutulur. Bu məhlullar insan orqanizmində su-elektrolit balansını tamamlanması və qorunması və optimal metabolizmin təmin olunması üçün parenteral terapiya üçün istifadə olunur.
Ölkəmizdə apteklərdə qiymətləri 0,95-1,88 AZN arasında dəyişən bu dərman vasitələrinin istehlak səviyyəsi yüksəkdir. Bu dərman vasitələri ölkəmizə Rusiya, Ukrayna, Belarus və Serbiyadan idxal edilir. Yeni müəssisənin illik istehsal gücünün 20 milyon ədəd məhsul olmasını nəzərə alanda gələcəkdə “Natrium xlorid 0,9%”, “Ringer laktat” və “Qlükoza 5%” kimi dərman vasitələrinin idxalına ehtiyac qalmayacaq.
Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olduğunu, eləcə də idxaldan asılılığın azadılması və yerli istehsala dəstəyi nəzərə alaraq AİŞ-in sözügedən zavodun tikilməsini yüksək qiymətləndirdiyi, onun maliyyələşdirilməsi qərarına gəldiyi bildirilib. Ümumi dəyəri 13,7 milyon manat olan layihədə AİŞ-in payı 20 faiz təşkil edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib ki, İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə AİŞ tərəfindən “Diamed Development Group” MMC-yə 766 min manat investisiya yatırılıb. AİŞ dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. Həmçinin 1999-ci ildə yaradılmış “Diamed Development Group” MMC-nin səhiyyə sahəsində tibbi ləvazimatların istehsalı və satışı üzrə ixtisaslaşdığı vurğulanır.
Sözügedən müəssisə Pirallahı rayonunda yerləşəcək. Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir. Onlardan “R-Pharm” MMC tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton MR” (qliklazid) preparatının istehsalına başlanılıb. Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və sair xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.
Pirallahı Sənaye Parkında fəaliyyət göstərən digər müəssisə isə “Parla Pharmaceuticals”dır. İlkin mərhələdə burada 100-dək adda dərman vasitəsinin istehsal ediləcəyi bildirilsə də hazırda müəssisənin veb saytında 3 adda məhsulun istehsal olunduğu qeyd edilib.

