Vaksinlər meymunçiçəyinə qarşı effektlidirmi?
COVID-19-a qarşı vaksinasiya prosesi uğurla həyata keçirilən, əhalisinin əksəriyyəti “buster” doza peyvənd vurduran ölkələrdə epidemioloji vəziyyət stabil olsa da, təəssüf ki, infeksiyaya yoluxma saylarında əvvəlki aylara nisbətən artım müşahidə edilməkdədir. Səhiyyə təşkilatları insanları təmasları minimuma endirməyə, qapalı yerlərdə maska taxmağa, vaksinasiya prosesində aktiv iştiraka çağırır.
Azərbaycanda isə koronavirusla bağlı epidemioloji vəziyyət hələ ki, stabildir. Səhiyyə qurumları tərəfindən vəziyyət nəzarət altındadır və daim mövcud durum izlənilir, təhlil edilir. Mütəxəssislər hesab edirlər ki, artıq koronavirusun növbəti dalğası başlayıb. Son həftələrdə yoluxma sayının kəskin artımını virusun daha yoluxucu növü olan yeni variantları ilə əlaqələndirirlər. Bununla yanaşı, “Omicron” mutasiyalarının yoluxuculuğu yüksək olsa da öldürücülük qabiliyyətinin təxminən 0,35 faiz təşkil etdiyi bildirilir. Hələ ki, hazırkı vəziyyətdə qaydaların yumşaldılması məqsədəuyğun hesab edilmir.
COVID-19 virusu ilə yanaşı, dövlətlərin səhiyyə sistemləri meymunçiçəyinə qarşı da mübarizə tədbirləri həyata keçirirlər. Artıq dünyanın 80-ə yaxın ölkəsində 18 mindən çox şəxsdə virusa yoluxma faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqə yaradanlara, həmçinin yoluxma riski yüksək olanlara – tibb işçiləri, tibbi laboratoriyaların əməkdaşlarına məqsədli vaksinasiyadan keçməyi tövsiyə edir. ÜST-ün baş direktoru Tedros Gebreyesus meymunçiçəyinə qarşı vaksinlərin effektivliyi barədə, həmçinin neçə doza lazım gələ biləcəyi barədə hələlik kifayət qədər məlumat olmadığını deyib. Ona görə də vaksinlərdən istifadə edən bütün ölkələri bununla bağlı məlumatları mübadilə etməyə çağırıb.
O bildirib ki, ÜST mütəxəssisləri tədqiqat bazası yaradılması üzərində işləyirlər. Ölkələr bu və ya digər vaksinin nə dərəcədə effektiv olmasını öyrənmək üçün həmin bazadan istifadə edə biləcəklər.
Azərbaycanda isə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb. Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Virusun diaqnostikası üçün lazımi testlər respublikamıza gətirilib. Şübhəli hallar qeydə alınan təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası həyata keçirilir.
Beləliklə, əhalinin pandemiya ilə mübarizədə diqqət etməli olduğu vacib məqamlar sadə üsullara – maska taxmaq, sosial məsafə gözləmək və sanitar-gigiyena qaydalarına riayət etməkdir.

