V İslam Həmrəyliyi Oyunları təkcə idman deyil, həm də dostluq və həmrəylik yarışıdır
İdmançılarımız bu yarışda ilk dəfə olaraq Azərbaycanı qalib ölkənin nümayəndəsi kimi qürurla təmsil edirlər
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində «Türk Yıldızları» aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb. Daha sonra müqəddəs «Qurani-Kərim»dən ayələr oxunub. Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və digər dövlət və hökumət başçılarını hərarətlə alqışlayıblar.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən tədbirdir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayınadək təxirə salındı və sonradan ləğv olundu. Növbəti yarışlar 2013-cü ildə İndoneziyada baş tutdu.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərini əhatə etmişdir. İdman oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 269 dəst medal uğrunda mübarizə apardılar.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci oldular. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal – 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar. Bu yarışları 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib, yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırmışdı.
Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında isə ölkəmizi 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol, cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Artıq V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış ilk qızıl medallar da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyyəsindən xəbər verir. Təbii ki, bu, hələ yalnız başlanğıcdır. Çünki Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımızı daha böyük nailiyyətlərə ruhlandıran önəmli stimul olmuşdur. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq ənənə halını alıb. Ölkəmizin başçısı Konyada idmançılarımızla görüşündə bildirib ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Prezident əmin olduğunu bildirib ki, bu gün qardaş Türkiyədə də idmançılarımız yeni dostlar tapacaqlar: «Çünki İslam Həmrəyliyi Oyunları həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən güclü amildir.»
Bu beynəlxalq yarışda idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran mühüm vasitələrdən biri də onların qalib ölkənin təmsilçiləri olmalarıdır. Belə ki, 2020-ci ildəki 44 günlük tarixi Qələbəmizlə dünyaya səs salan hərbçilərimiz, və gənclərimiz indi də idmandakı qələbələri ilə dünyanın diqqətini ölkəmizə yönəltməyə çalışırlar. İdmançılarımız bu gün artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Prezident İlham Əliyev idmançılarla görüşündə bu barədə bildirib ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər: « Bu, hamımız üçün böyük qürurverici hadisədir. Əlbəttə ki, döyüş meydanlarında əldə olunmuş tarixi Qələbə idman yarışlarında da yüksək nəticələr əldə etmək üçün ən güclü stimuldur. Heç bir şübhə yoxdur ki, Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər.»
Bəli, danılmaz faktdır ki, bu gün Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir və bu reallığı beynəlxalq idman ictimaiyyəti birmənalı olaraq müsbət qiymətləndirir. Çünki bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırıb. Təbii ki, bu nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının və şəxsən Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasətinin məntiqi nəticəsidir.

