Yaxşı YOL!..
Laçın dəhlizinə alternativ yol da istismara verildi, növbəti hədəf Zəngəzur yoludur
Yekunlaşdı! Azərbaycan iqtisadi qüdrətini, əzmkarlığını, qarşısına qoyduğu məqsədlərə çatmaq və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün hər şeyə qadir olduğunu növbəti dəfə hamıya – regionda marağı olanlara, hadisələrin gedişini diqqətlə izləyənlərə, dostlara və düşmənlərə nümayiş etdirdi. Relyefin çətinliyinə, iqlim şəraitinin sərtliyinə baxmayaraq Laçın dəhlizinə alternativ yolun çəkilişi cəmi bir il ərzində başa çatdırıldı və avqustun 11-də rəsmi olaraq yolun Azərbaycana düşən hissəsində işlərin yekunlaşdığı elan edildi. Növbəti dəfə, necə deyərlər, dostlar sevindir, düşmənlərin bağrı çatladı…
Yada salaq, 2022-ci il aprel ayının sonlarında Şuşanın Kiçik Qaladərəsi kəndindəki erməni icmasının rəhbəri Manvel Sarkisyan Ermənistan mətbuatına açıqlamasında deyirdi ki, Bakının az qala yarısı burada, yəni alternativ yolun çəkilişində işləyir: “Hərəsi heç olmasa bir bel götürsə, yol qısa vaxtda tamamlanacaq!”
Tamamlandı da. Paxıllıq və çarəsizliklə deyilmiş bu sözlər, eyni zamanda Azərbaycanın qarşısıalınmaz gücünün etirafı idi. Həqiqətən, bu qədər qısa vaxtda dağlardan, dərələrdən keçən, yolsuzluq şəraitində tamamilə sıfırdan çəkilən yolu cəmi bir ilə başa çatdırmaq üçün müxtəlif növ xüsusi texnikalar və nəqliyyat vasitələri, çoxlu sayda canlı qüvvə tələb olunurdu. Üstəlik, qayaların partladılması, yol yataqlarının inşası, körpülərin və ötürücü qurğuların tikilməsi kifayət qədər vaxt tələb edirdi. Statistikaya baxanda çox şey aydın olur: Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kubmetr həcmində qazma-tökmə, 1.3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Bundan başq a, çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. İnşaat norma və qaydalarına uyğun olaraq yol geyimi inşa edildikdən sonra asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib. Və nəhayət, layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və əyrixətli dəmir tirlər, monolit dəmir-beton olmaqla mühafizə səddi quraşdırılıb.
III texniki dərəcəyə uyğun inşa edilmiş yolun ümumi uzunluğu 32 km təşkil edir ki, bunun 10 km-i Ermənistan ərazisində yerləşir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.
Bütün inşaat işlərinin texnoloji ardıcıllığa riayət olunmaqla tərtib olunmuş qrafikə uyğun həyata keçirilməsi isə həqiqətən böyük bir fədakarlığın nəticəsidir.
Xatırladaq ki, Laçın dəhlizinə alternativ yolun çəkilişi ilə bağlı razılaşma 2020-ci il noyabr ayının 9-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın 6-cı bəndində nəzərdə tutulub. Orada qeyd edilir ki, Ermənistan 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın (İndiki Qarabağ iqtisadi rayonu) Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir. Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək.
Azərbaycan hakimiyyəti tərəfindən üçtərəfli Bəyanatın 6-cı bəndinin icrası ilə bağlı lazımi addımlar müharibə bitdikdən az sonra atıldı və işin icrasına başlandı. Qısa müddətdə yolun planı hazırlandı, çəkilişlərinə başlanıldı və nəhayət bir ilin tamamında yol istismara hazır vəziyyətə gətirilib. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq Laçın şəhərinin və rayonun ermənilər yaşayan kəndlərinin boşaldılması və Azərbaycanın nəzarətinə keşməsi üçün heç bir maneə qalmayıb və bu prosesin tezliklə reallaşacağı həqiqəti ilə ermənilər də barışmalı olublar.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bir sıra çox mühüm əhəmiyyətli yol infrastrukturu layihələrinin icrasına başlanılıb, müxtəlif istiqamətlərdə işlər sürətlə davam etdirilir. Zəfər yolu kimi Laçın dəhlizinə alternativ yolun da qısa vaxtda və beynəlxalq standartlara uyğun çəkilərək istismara hazır vəziyyətə gətirilməsi isə bir daha ölkəmizin regionda istənilən layihəni reallaşdırmaq gücündə olduğunu göstərir. Bu yol, eyni zamanda Azərbaycanın Zəngəzur dəhlizi məqsədinə doğru atılmış növbəti addımdır. Necə deyərlər, gücümüz də var, hədəf də bəllidir, istiqamət də…

