Ermənilərin əsas qorxusu…
Ermənistanın bölgədə gərginliyə xidmət edən siyasətinə baxmayaraq, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhü və əməkdaşlığı təmin etməsi istiqamətində yürütdüyü siyasət öz bəhrəsini verməkdədir. Bəzən bu proses ağrılı keçsə də, Azərbaycan yürütdüyü çevik siyasət nəticəsində əngəlləri aşaraq 10 noyabr 2020-ci ildən sonra bölgədə yaratdığı geosiyasi reallığın hədəflərinə doğru irəliləyir. Əgər əvvəllər maraqlı güclər daha çox İrəvanın maraqlarının müdafiəçisi kimi çıxış edirdisə, artıq tərəzinin gözünün Bakıya tərəf əyildiyini görürük. Bu isə həmin güclər tərəfindən Azərbaycanın bölgədə əsas güc faktoru və ciddi aktor rolunu qəbul etməsi deməkdir. Bu səbəbdən də İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Bakının məcburedici diplomatik və güc vasitələrindən istifadə etməsinə qarşı çıxmaması və sərt reaksiya verməməsi bunun bariz nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurda baş verən son olaylar, xüsusən də Bakının Laçın dəhlizi ilə bağlı ortaya qoyduğu iradə və sərgilədiyi qətiyyətli mövqe bunun göstəricisidir. Nəticədə bütün maraqlı güclər Bakının mövqeyi ilə razılaşaraq alternativ Laçın dəhlizi, o cümlədən Laçın şəhəri və digər yaşayış məntəqələrindəki ermənilərin köçürülməsi təklifini qəbul etməyə məcbur oldular. Bu, Bakının diplomatik və hərbi-siyasi müstəvidə növbəti böyük uğuru və qələbəsidir. Bunu İrəvan deyil, eyni zamanda, oradakı revanşist qüvvələr, dünya erməniçiliyi də görür və anlayır. Revanşistlər və dünya erməniçiliyi də son hadisələrdən özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar. Birdəfəlik anlamalıdırlar ki, istənilən destruktiv fəaliyyətin qarşısı anındaca alınacaq və dəmir qapazı yeməli olacaqlar.
Artıq Qarabağ arzuları puç olan ermənilərin indi əsas təlaşı İrəvanın Azərbaycanın nəzarətinə keçəcəyi qorxusudur. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan həyəcan təbili çalaraq, Bakını dayandırmaq üçün Paşinyan hakimiyyətinin devrilməsinə çağırış edib: “Ermənistan hakimiyyəti təcili olaraq dəyişdirilməlidir. Hazırki hakimiyyət Azərbaycanın bütün tələblərini həyata keçirir. Azərbaycan qoşunları Qarabağda yenidən təşkil olunur. Hazırda Ermənistan çətin seçim qarşısındadır. Ölkədə hakimiyyət dəyişikliyi olmalıdır, əgər bu olmasa, əks halda Azərbaycan İrəvana köçmək üçün qanuni əsaslar hazırlayır, imkan olan kimi irəli gedəcəklər. Ermənistan hakimiyyətinin indi hərəkətə keçmək, addım atmaq imkanı yoxdur”, – deyə Abramyan qorxularını dilə gətirib. Bəs, Abramyanın timsalında ermənilərin İrəvan qorxusu nədən qaynaqlanır?
Heç kimə sirr deyil ki, Abramyan Ermənistanda revanşist qüvvələrin başında duran şəxslərdən biridir. O, Azərbaycana nifrət bəsləyən separatçıdır. Abramyan İrəvanla bağlı çıxışı ilə separatçı mövqelərinə siyasi don geyindirməyə çalışır. Onun İrəvanın Bakının nəzarətinə keçəcəyi haqda çıxışı Azərbaycanı dünyada işğalçı kimi təqdim etmək istəyindən irəli gəlir. Əslində onun bu çıxışı təxribat məqsədi daşıyır. Məlumdur ki, Ermənilər Azərbaycana qarşı iddia qaldırdığı kimi, rəsmi Bakı da tarixi torpaqlarımızla bağlı haqlı olaraq iddia qaldıra bilər. İrəvanın Azərbaycan torpağı olduğu hər kəsə bəllidir. Ermənilərin özləri də bunu yaxşı bilirlər. Ermənistan tərəfindən səslənən təxribatçı bəyanatlar isə sülh hazırlığı prosesinə ziyan vurmaqdan başqa bir şey deyil. Ancaq bunlar Azərbaycan üçün təsirli deyil. Çünki Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq addım atır. Bundan əlavə, Azərbaycanın Ermənistana təqdim etdiyi 5 təklifin içində İrəvana qayıdış məsələsi yer almayıb. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılmasında iddialıdır və bu dəhlizin açılmasına hazırlaşır. Prezident İlham Əliyevin dediyi kimi, bizim kiminsə torpağında gözümüz yoxdur. Dəfələrlə demişik ki, əgər Zəngəzur dəhlizi açılmasa, onda Laçın dəhlizi də, yeni yol da bağlanacaq. Erməniləri narahat edən digər mühüm məqam ondan ibarətdir ki, vaxtilə Bakıdan və digər bölgələrdən Ermənistana köçmüş ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı almaq üçün ölkə başçısı İlham Əliyevə müraciət edirlər.
Odur ki, ermənilər anlamalıdır ki, bölgədə gedən proseslər geridönməz xarakter alıb və Azərbaycanın yürütdüyü siyasətin uğurları davam edəcək, Zəngəzur dəhlizi məsələsi də öz həllini tapacaq. Sadəcə, Ermənistan yaranmış fürsəti dəyərləndirməyi bacarmalıdır. Əks təqdirdə, Ermənistan parlamentinin müxalifət “Mənim şərəfim” fraksiyasının deputatı Tiqran Abramyanın dediyi kimi, Azərbaycanın İrəvana doğru irəliləməsi üçün beynəlxalq hüquqi baza yaradacaq.

