Düşmənlərin acığına…
Ölkəmizin rayon və şəhərləri cənnətə və gülüstana çevrilir
Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində icrası başa çatdırılmış və hazırda davam etdirilən tikinti-bərpa işləri ilə tanış olublar.
Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşüb, ərzaq təhlükəsizliyi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində görülən işlər, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma və Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması məsələləri ilə bağlı danışıb.
Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə nəzarəti dövlət başçısı bilavasitə özü aparır.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində İsmayıllı və Ağsu rayonlarına sosial infrastrukturla bağlı böyük layihələrin icra olunduğunu bildirib: “Hər iki şəhərdə – Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.”
Son illərdə hər iki rayonda demək olar ki, böyük infrastruktur layihələrinin əsas hissəsi başa çatıb. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. Dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.
Dövlət başçısının sözügedən səfəri zamanı İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni, 179 otaqlı müasir otelin açılışı olub. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır. Hazırda Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.
İş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat çoxalır. Dövlət tərəfindən sosial layihələrin icrası, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.
Dövlət başçısı digər azad olunmuş bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, xüsusən taxılçılığın inkişafına önəm verildiyini bir daha qeyd etdi. Cənab Prezident strateji xəttə uyğun şəkildə böyük aqroparkların qurulması, kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsi, fermerlərin bu işdə stimullaşdırılması, xüsusən arıçılıq təsərrüfatlarındakı uğurlarımızı vurğuladı. Bütün bunlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə əvvəlki barlı-bəhrəli şöhrətini qaytaracaq, həmçinin region ölkələrinə və mənfur qonşularımıza bir örnək olaraq cənnətə və gülüstana çevriləcəkdir.

