Əsas səhifə 

Biz istədiyimizə həmişə nail oluruq

Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, Laçına, Zabuxa, Susa qayıtmalıyıq

“Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm.”  Prezident İlham Əliyev bunu Nazirlər Kabinetinin 2020-ci ilin iyulunda keçirilən həmin ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir. Bu fikirlərin davamı olaraq isə qeyd etmişdir ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik.»

Həmin vaxtdan çox keçmədi ki, sentyabrın 27-də  Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu.  Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq  əks-hücum əməliyyatı keçirdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vuruldu.  Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildi. Ölkə Prezidenti  istər  xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın  bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də  ifadə etdi ki,  bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!  Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çaldığını nümayiş etdirdi. Halbuki işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər 30 ilə yaxın müddətdə imitasiya naminə danışıqları aparmaqla Azərbaycanın nə zamansa  işğalla barışacağını düşünürdülər. Vətən müharibəsi bu sərsəm düşüncələrə son qoydu. Dünyaya sübut edildi ki, beynəlxalq hüquq, ədalət deyilən məfhum var, sadəcə bugünədək maraqların arxasında əriyib.  Dünya  bir daha bu həqiqətin şahidi oldu ki, bu torpaqların əsl sahibi Azərbaycandır. Tarixi Qələbəmizdən ötən iki ilə yaxın dövrdə   qeyd olunan bayramlara, tarixi günlərə nəzər salsaq, onların hər birinin dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  işğaldan azad olunmuş ərazilərimizə səfəri ilə yadda qaldığını görərik. Şuşamız işğaldan azad olunduğu vaxtdan çal-çağırlı günlərini yaşayır, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir.

Təbii ki, son iki  ilə yaxın dövrdə  atılan hər bir addım Azərbaycanın Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost, qardaş ölkələrin dəstəyinin göstəricisidir. İşğalçı Ermənistan sərsəm düşüncələrindən, keçmişlə yaşamaqdan yaxa qurtarıb gələcəklə yaşamaq istəsəydi bu reallıqlarla barışar, xalqı üçün firavan həyat qurardı. Regionda sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etmək üçün Ermənistanın sülh razılaşmasına imza atması gərəkdir. 30 ilə yaxın dövrdə havadarlarının maraqlarının ifadəçisi olduğu üçün işğalçılıq siyasətini davam etdirməklə  bütün enerji layihələrindən kənarda qalan, iqtisadi böhran içərisində çabalayan Ermənistan görünür yenə də dəstəkçilərindən sülh razılaşması ilə bağlı  necə addım atmaq göstərişini gözləyir. “İşğal bu ölkəyə nə qazandırıb” sualının bir ifadə ilə cavabı Ermənistanı ciddi düşündürməlidir. Amma Ermənistanın  avqust ayının əvvəlində hərbi təxribat törətməsi, bir əsgərimizin şəhid olması 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmasından xəbər versə də,  «Qisas» əməliyyatı növbəti dərs oldu. Bir daha bəyan edildi ki, növbəti dəfə də belə təxribatlara əl atarsa, eyni dərsi alacaq.

Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha «Qisas» əməliyyatının Ermənistana çatdırdığı mesajlardan, həmçinin hazırkı dövrdə qarşıda dayanan əsas məsələnin Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara icazə verməsi fonunda regionda dayanıqlı sülhə və təhlükəsizliyə  nail olmaq üçün, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması üçün zəruri olan şəraitin yaradılmasıdır. Yəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasından bəhs edərkən Qarabağ mövzusundan söhbət getmir. Həmçinin danışıqlar masasında hər hansı statusdan da söhbət getmir. Burada əsas müzakirə edilən məsələ Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir ki, bunu da Azərbaycan dövləti təmin edəcək. Dövlət başçısı İlham Əliyev qeyd olunan müsahibəsində bunu bir daha diqqətə çatdırdı ki, Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq.

Cənab  İlham Əliyev bütün çıxışlarında qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edən bir dövlətin hansı inkişafdan danışa biləcəyini sual etməklə yanaşı, bu siyasətin Ermənistanı uğursuz ölkəyə çevirdiyini də xüsusi vurğulayır. Siyasətində müstəqil olmayan bir dövlət təbii ki, daim başqa bir dövlətdən asılı olacaq.  Azərbaycan müstəqil siyasət həyata keçirən dövlətdir. Bu, hər sahədə atılan addımlardan aydın görünür. Dövlət maraqları hər şeydən öndə saxlanılır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında qurur. Azərbaycan  başqa ölkələrin əlində alət olmayıb, olmayacaq.  Bütün bu uğurları  müstəqil siyasət sayəsində əldə etmişik. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi ölkələrin xoşuna gəlmirdi. Ölkəmizə  olan təzyiqlərin səbəblərinin biri də məhz  müstəqil siyasət aparmağımız,  öz yolumuzla getməyimiz, heç kimin sözü ilə oturub-durmamağımız,  heç kimin qarşısında baş əyməməyimizdir.

Son 19 ilə yaxın dövrdə Azərbaycanın diplomatik  uğurlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini  qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi.  Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər: «Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır.» Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstəyin, eyni zamanda, ölkəmizin Qoşulmama Hərəkatının nüfuzunun artmasına xidmət edən addımlarının  nəticəsidir ki, quruma üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik müddəti bir il də artırıldı.

Hazırda  Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi dövrünü yaşayır. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır.  Dövlət başçısı İlham Əliyevin fikirlərinə istinad etsək,  müstəqilliyin üstünlükləri göz qabağındadır.  Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq. Ölkə Prezidenti  hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik  atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin  2020-ci ilin avqustunda  “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində söylədiyi bu əminliyi  yada salmaq istərdik:   “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Əminik ki, o gün uzaqda deyil”.

Artıq iki ilə yaxındır ki, azad Qarabağımızın, azad Şuşamızın dirçəlməsindən danışırıq. Hər arxada qalan gün işğaldan azad edilmiş torpaqlarımızın həyatında bir mühüm hadisə kimi qalır.  Qarabağa yeni nəfəs gəlir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hazırlanan bərpa planlarının uğurlu icrasını, şəhər, kənd və qəsəbələrimizin əvvəlkindən daha da yaxşı vəziyyətə  qayıtmasını təmin edir. Bu torpaqlar müasir tələblər səviyyəsində qurulur. Turizm və kənd təsərrüfatı imkanları tədqiq edilir və dəyərləndirilərək perspektivlər müəyyənləşdirilir.  «Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq» söyləyən dövlət başçısı bildirir ki, müharibə  şanlı tariximizdir: «Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.»

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə məğrur, yenilməz, tarixinə, torpağına sahib çıxmaq üçün bütün çətinlikləri dəf edən xalq olduğunu göstərdi. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı  bəyan etdiyi kimi, əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcək. Bu gün Azərbaycan həmin qərarları verir, imza atdığı sənədlərlə perspektivləri açıqlayır.

Dövlət başçısı İlham Əliyev müsahibəsində bu hədəfi də açıqladı ki,
biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq: «Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.»  Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır.  Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. «Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar» söyləyən cənab İlham Əliyev bəyan edi ki, yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər.

Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə də, yenə də vaxt qazanmaq üçün yollar axtarsa da unudur ki, artıq 30 ilə yaxın  işğal dövrünün deyil, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycan bu dövr ərzində sülh siyasətinə sadiqlik nümayiş etdirdi,  danışıqların səmərə verəcəyini düşündü. Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasəti ədalət və beynəlxalq hüquq deyilən məfhumları arxa plana keçirdi. Amma Azərbaycan yenə ədalətin qalib gələcəyinə inandı. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu suallara aydınlıq gətirdi, dünyaya gərəkli olan mesajları çatdırdı. Artıq Azərbaycan bu gün həmin dövrün Azərbaycanından fərqli Azərbaycandır. Bugünkü Azərbaycan qalibiyyətə imza atan, işğaldan azad edilmiş bütün torpaqlarında üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirən Azərbaycandır.  Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məqama da aydınlıq gətirdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? «Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır» söyləyən ölkə Prezidenti  qeyd etdi ki, şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra bildirdik ki,  bizə sülh lazımdır.  Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq: «Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.»

«Dəmir yumruq», onun ardınca «Qisas» əməliyyatı Azərbaycanın arxada qalan illərdə qazandığı uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Bu fonda dövlət başçısı İlham Əliyevin hər zaman böyük inamla səsləndirdiyi «Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik» fikirləri özünün aydın ifadəsini tapdı. Ölkə Prezidenti keçilən yolun, əldə edilən uğurların təhlilinə söykənərək sözügedən müsahibədə  bu tezisin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki,  gələcəyə nikbinliklə baxıram: «Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.»

Daha çox xəbərlər