Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq!
2020-ci ilin noyabrın 10-da Qarabağda hərbi əməliyyatlar bitdi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək Qarabağımızı 44 gündə işğaldan azad etdi. Qeyd edilən tarixdən etibarən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu, kapitulyasiya sənədinə imza atdı. Lakin Azərbaycana qarşı hələ də təxribatlarından əl çəkmir, mina müharibəsini davam etdirir.
Ermənistan ordusunun indiki darmadağın şəraitində, yüksək çinli məmurları arasında belə fikir ayrılığının olduğu vəziyyətdə Azərbaycana qarşı hansısa ciddi döyüş əməliyyatları və yaxud da müqavimət göstərməsi mümkün deyil. Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib ki, hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu: “Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.
Ölkə başçısının bəyan etdiyi kimi, İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu bütün dünyaya sübut etdi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq: “Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur”.
Həmçinin sözügedən müsahibədə ölkə başçısı İlham Əliyev Ermənistan tərəfinin cari ilin avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarmalarına da münasibətini bildirib: “Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, – danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, – mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. Laçın yolunun inşa edilməsi isə ölkə başçısı tərəfindən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. 32 kilometr uzunluğu olan yol bir il ərzində inşa edildi. Humanizm prinsiplərinə sadiqliyi ilə seçilən Azərbaycan hökuməti hələ Laçın yolunun inşasına başlayanda Ermənistanın da ərazisində yolun tikintisi üçün müraciət edib. Onlar bundan imtina ediblər. Öz növbəsində Ermənistan yenə manipulyasiya edərək yolun tikintisini 2023-cü ilin sonuna qədər inşa edəcəklərini bildiriblər. Prezident İlham Əliyev müsahibəsində bildirir: “Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.
Ali Baş Komandan, Prezident İlham Əliyev bəyan edib ki, biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq: “Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.
Son 19 ilə yaxın dövr ərzində Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı döyüşlərin ən intensiv olduğu günlərdə xalq, ordu, hakimiyyət birliyi Zəfərimizlə nəticələndi. Ermənilər bizim düşmənimizdir. Postmünaqişə dövründə də baş verən hadisələr onların xislətini dəyişə bilmədi və bu, onların seçimidir. Hazırda cərəyan edən prosesləri dəyərləndirən Prezident İlham Əliyev söyləyib: “Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir”.

