Gündəm 

Sahibkarlığın inkişafı naminə…  

 

Sənaye məhəllələri əhalinin məşğulluğunu necə təmin edir?

 

Azərbaycanın dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur.

 

Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycanın  regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Ölkədə sənaye məhəllələrinin yaradılması Prezident İlham Əliyevin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib.

 

Sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Fərmanla müəyyən olunub ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

 

Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Əsasnaməyə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 rayonda sənaye məhəlləsi var. Bunlar Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələridir.

 

Dövlət başçısı İlham Əliyevin 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə Neftçala Sənaye Məhəlləsi 10 hektar torpaq sahəsində yaradılıb və 2017-ci il 24 sentyabr tarixində açılışı olub. Burada avtomobil, balıq və quş yemi, suvarma sistemləri, polietilen suvarma boruları, qaynaq materialları, elektrod istehsalı, kənd təsərrüfatında istifadə olunan qoşqular, kotan, toxum səpən və s, gübrə istehsalı ilə məşğul olan 9 müəssisə qeydiyyatdan keçib. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılması nəticəsində ümumilikdə 221 iş yeri yaradılıb.

 

Masallı Sənaye Məhəlləsinin açılış mərasimi 2018-ci il 18 sentyabr tarixində olub. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilib. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 9 müəssisə iştirakçı kimi qeydiyyata alınıb, bunlardan 7 müəssisə artıq fəaliyyətə başlayıb.

 

Prezident İlham Əliyevin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılıb. Sahibkarlar tərəfindən böyük maraq göstərilən bu sənaye məhəlləsində 10 rezident müəssisədən 5-i artıq fəaliyyətə başlayıb, nəticədə 98 yeni iş yeri yaradılıb.

 

Sabirabad Sənaye Məhəlləsinin təməli 2017-ci il 28 noyabr tarixində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu sənaye məhəlləsində də fəaliyyət göstərmək marağında olan sahibkarların müraciətləri əsasında iştirakçı kimi 7 müəssisə qeydiyyatdan keçib, 3 müəssisə fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsi üzrə 130-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsi yaradılıb. Hazırda sənaye məhəlləsində tikinti işləri aparılır.

 

 

Daha çox xəbərlər