Cəmiyyət 

Vətənin qəhrəman oğlu

Nurəddin Hasil oğlu  Məstəliyevin şəhidliyi də Vətən sevgisindən başlandı.  Əslən Yardımlı rayonunun Ökü kəndindən olan,  Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmış bu ər igid   İkinci Qarabağ müharibəsində  misilsiz qəhrəmanlıq örnəyi göstərir.  Nurəddin lap cavan yaşında, ömrünün 20-ci baharında bu dünyadan köçsə də,  ürəkdən bağlandığı xalqına zəfər sevinci yaşadan qəhrəman oğullardan olur. Adı milyonların dilində dastana dönən bu Vətən sevdalısı həm də dövlət tərəfindən  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülür.

Vətənini canından əziz tutmaqla ölməzliyə qovuşan Nurəddin Məstəliyev  Azər  Namazov adına 180 saylı orta məktəbdə oxuduğu zaman, yəni kisik yaşdan idman həvəs göstərir. Bir çox turnirlərə qatılır,  dəfələrlə rəqiblərinə qalib gəlib mükafatlar, sertifikatlar, medallar alır.

İdman məşğuliyyətini peşəkar səviyyəyə çatdıran Nurəddin Karatenin Gōjū-ryū növü üzrə 80 kiloqram  çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Respublika Birincisi olur.   Bundan sonra idman uğurları  bir-birini əvəz edir. Bir sıra səviyyəli yarışlara qatılır, yüksək yerləri tutmaqla  tanınır, sevilir.

13 Mart 2016-cı ildə  Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının 20 illiyinə həsr olunmuş XIX Açıq Bakı  çempionatınında I yerə layiq görülür.   Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan XIX Açıq Respublika Kuboku İRİQUMİ-CYUQO döyüş qaydaları üzrə  II yeri tutur.17 İyul 2016-cı ildə Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası yeniyetmələr və Gənclər arasında Bakı Şəhər Açıq Turniri  III yeri qazanır. Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası və Juqo Kobute və Kempo-Ryu Federasiyasının böyüklər, gənclər və yeniyetmələr arasında XIX Açıq Respublika Çempionatda  İRİQUMİ-CYUQO döyüş qaydaları üzrə  dərəcəsində bacarıq göstərərək yarışda  III olur.

İdman uğurları ilə respublikada ad qazanan  Nurəddin  2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində qaynaqçı peşəsi üzrə ixtisaslaşır.  Buranı başa vurub  doğma Azərbaycanın müdafiəsinə  yola düşür. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində Vətənə göstərdiyi sədaqət onu əsgərlərin, zabitlərin gözündə ucaldır. Peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulur.

Sentyabrın 27-də Vətən müharibəsi başlanan  andan  yağı düşmənlə  ağır döyüşə  girir.  Cəbrayıl və Xocavənd uğrunda gedən  döyüşlərdə qəhrəmancasına  iştirak edir. Yüngül yaralansa da, şücaətindən qalmır. Şuşada  düşmən snayperinin gülləsinə tuş gəlir, Aldığı xəsarətdən yerindəcə şəhidlik zirvəsinə ucalır. Şəhid 13 noyabr 2020-ci ildə  valideynləri ilə yaşadığı Qızıldaş qəsəbəsinə gətirilir, burada torpağa tapşırılır.

Beləcə, öz qanı ilə Azərbaycanın yeni şanlı tarixini yazan  oğlanlardan biri də Nurəddin Məstəliyev olur.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər