Ermənilərin səngiməyən mina terroru
Bu, Böyük Qayıdışa mane olmaq üçün Azərbaycana qarşı törədilən beynəlxalq cinayətdir
44 günlük müharibədəki şanlı Qələbəmizdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən önəmli məsələlərdən biri də ermənilər tərəfindən kütləvi şəkildə minalanmış ərazilərin yerini dəqiqləşdirmək və orada təmizlik işləri aparmaq idi. Bu, həm işğaldan azad edilmiş rayon və kəndlərimizdə tikinti- quruculuq işləri aparmaq, həm də əhalinin təhlükəsizliyini təmin etmək üçün vacib idi. Düzdür, müharibə qurtardıqdan işğal dövründə sonra torpaqlarımızda qeyri-qanuni məskunlaşmış ermənilərin oradan çıxmaları üçün onlara vaxt verilmişdi. Lakin ermənilər bizim bu humanistliyimizdən istifadə edərək həm evləri və meşələri yandırdılar, həm də minaların basdırılmasını davam etdirdilər.
Xüsusilə son vaxtlar Laçın və ətraf ərazilərdə baş verənlər bir daha onu göstərir ki, ermənilər hər vasitə ilə bizə qarşı vəhşiklərini nümayiş etdirirlər. Təəssüf ki, Ermənistan tərəfinin həyata keçirdiyi mina terroruna, vandallığa hələ də beynəlxalq səviyyədə heç bir reaksiya verilmir.
Bu da açı xəbərdir ki, avqustun 22-də daha iki hərbçimiz minaya düşərək ağır yaralanıb. Ümumilikdə postmüharibə dövründə 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfəri həlak olub. Eyni zamanda, mina terroruna tuş gələn 126 hərbçimizdən 7-si həyatını itirib, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qeyd edək ki, 1999-cu ildən beynəlxalq hüquqi qüvvəyə malik olan Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. İkinci Qarabağ müharibəsindən sonra mina xəritələrinin verilməsi beynəlxalq platformalarda dəfələrlə müzakirə olunsa da Ermənistan buna məhəl qoymurdu. Bir çox təzyiqlərdən sonra məğlub ölkə mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, verilən xəritələrin dəqiqliyi cəmi 25 faiz təşkil edir.
Bütün bunlardan aydın görünür ki, təhlükə səngimir. Son olaraq verilən məlumatlarda bildirilir ki, avqustun 15-də Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazidə kəşfiiyyat işləri aparılmaqla aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. O da xüsusilə nəzərə çatdırılır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra – 2021-ci ildə Ermənistanda istehsal olunub.
Bəli, artıq işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış başlayır. Bundan sonra həm hərbçilərimizin, həm də mülki vətəndaşlarımızın mina terrorundan qorunması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tövsiyə və tapşırıqlarını da verib. Həmin tövsiyələrə əsasən hərbi obyektlərə, təlim poliqonlarına, bağlara, su bulaqlarına və s. yoxlanılmadan yaxınlaşmaq qətiyyən olmaz. Küçələrdə, evlərdə və həyətlərdə diqqəti cəlb edən əşyalara toxunmaq qəti qadağandır. Çay kənarındakı daha rahat görünən yerlərdən su götürmək, balıq tutmaq, suya girmək və s. ağır nəticələrə gətirib çıxara bilər. Qəbiristanlıqlar, tərk edilmiş obyektlər, abidələr, kilsələr, mağazalar, kafe-restoranlar, körpülər və onların alt hissəsi, dar keçidlər, yolların kənarı, su mənbələri, artezian quyuları, kəhrizlər, su götürülməsi üçün rahat olan çay sahilləri, kənd təsərrüfatı texnikaları, avtomobillər, yanacaqdoldurma məntəqələri, oyun meydançaları, uşaq oyuncaqları, qida məhsullarının saxlandığı anbarlar, heyvan saxlanılan tövlələr, soyuducular, dolablar, mobil telefonlar və uzaqdan idarəetmə pultları potensial olaraq mina və digər partlayıcı «sürprizlərin» quraşdırılması üçün geniş istifadə olunan ərazi və obyektlərə aiddir.
Bir şeyi unutmaq olmaz: Ermənistan tərəfindən minaların fərqli kombinasiyada basdırılmasının əsas məqsədi daha çox insanın öldürülməsini təmin etmək üçün partlayış dalğasının gücünü maksimum artırmaqdan ibarətdir. İstənilən halda Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə müxtəlif konfiqurasiyalarda basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıtmasına mane olmaq məqsədi daşıyır. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Ermənilər tərəfindən təqdim edilən xəritələrin qeyri-dəqiq olması isə döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərimizə qarşı müharibəni hələ də davam etdirməsi deməkdir. Belə olan halda mövcud faktlar əsasında Ermənistanın məsuliyyət daşıması üçün hüquqi prosedurlara başlamalıyıq, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər minaların təmizlənməsinə xərclənən vəsaiti də tam həcmdə Ermənistandan tələb etməliyik.

