Ölkəmizin turizm imkanları genişlənir
Dövlət başçısı İlham Əliyev daim bu mühüm tələbi qarşıya qoyur ki, Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerlərinə dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir
Qürurvericidir ki, artıq iki ilə yaxındır bütün bölgələrimizin, o cümlədən işğaldan azad edilmiş rayonlarımızın malik olduqları iqtisadi potensialdan və onlardan səmərəli istifadə etmək məqsədilə müəyyənləşdirilən hədəflərdən bəhs edirik. Kəlbəcərin, Laçının, Ağdamın, Füzulinin, Qarabağın tacı Şuşamızın,… malik olduğu potensial bugünümüz və gələcəyimiz üçün istifadəsini gözlədi. Həmin gün gəldi. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı sənədlər sırasında iqtisadi rayonların yeni bölgüsünün aparılması xüsusi yer aldı. Sənəddə qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Yeni bölgü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək, xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda, Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq.
Ümumilikdə dayanıqlı inkişafın təmin edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Azərbaycan son illərdə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyi ölkəyə çevrilib. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, turizm sahəsində də əldə olunan uğurlu nəticələr rəqəmlərdə öz əksini tapıb. Azərbaycan turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik olan ölkə kimi dəyərləndirilir. Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün kifayət qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri kimi qiymətləndirilir. Son 10 ilin statistikası bunu bir daha sübut edir.
Ölkəmizə turizm axınının sürətlənməsində mühüm rol oynayan faktorlardan biri Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınması və nüfuz qazanmasıdır. Ölkəmizə gələr turistlər gördükləri mənzərədən heyrətlərini gizlətmirlər. Azərbaycanın inkişafı daim bir möcüzə kimi dəyərləndirilir. Bu baxımdan ki, Azərbaycana ilk dəfə səfər edən xarici qonaqlar növbəti səfərlərində tamamilə fərqli mənzərəni gördüklərini böyük sevinci hissi ilə paylaşırlar. Bu reallığı xüsusi vurğulamalıyıq ki, ölkələrin turizm imkanlarına malik olması əsas şərt olsa da, onlardan səmərəli istifadəni təmin etmək üçün atılan addımlar daha vacibdir. Bu isə öz növbəsində dövlət siyasətinin düzgün istiqamətləndirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın son illərdə iqtisadiyyatın şaxələndirilməsi yönümündə atdığı addımlar beynəlxalq aləmdə, o cümlədən reytinq cədvəllərində yüksək dəyərləndirilir. Neft siyasətinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafının qarşıya əsas hədəf kimi qoyulması bölgələrin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqini və uğurlu icrasını bir çağırışa çevirdi.
Bu gün təkcə İsmayıllı rayonunun timsalında bölgələrimizin turizm imkanlarından səmərəli istifadənin aydın mənzərəsini yarada bilərik. Bu rayonu xüsusi vurğulamağımız da səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bugünlərdə İsmayıllı rayonunda oldular. Cənab İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində diqqəti bu rayonun malik olduğu iqtisadi imkanlara yönəldərək belə bir əminlik ifadə etmişdir ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri gələcək inkişafını təmin edəcək.
Reallıq budur ki, İsmayıllı Azərbaycanın gözəl flora və faunası olan, turizm cəhətdən inkişaf edən rayonlarındandır. Ölkəyə səfər edən xarici turistlərin böyük əksəriyyətinin üz tutduqları məkanlardan biri Lahıc qəsəbəsidir. Ölkə vətəndaşları da istirahət üçün Lahıca üz tuturlar. Çünki Lahıc qədim şəhərsalma ənənələri ilə memarlığın orijinal nümunəsidir. Orta əsrlərdə şəhər kimi salınan, küçə və meydanlarına daş döşənmiş, kanalizasiya və su təchizatı sisteminə malik olan Lahıc Qafqazda, hətta onun hüdudlarından kənarda tanınan sənətkarlıq və ticarət mərkəzlərindən biri olub. Bu gün Lahıca gələn hər kəs – istər yerli, istərsə də xarici turist sexlərdə misgərlərin hazırladıqları nümunələrə heyranlıqla tamaşa edir, çox vaxt da onları həvəslə alır. Təkcə cari ilin statistikasına diqqət yetirmək kifayətdir. Belə ki, bu il, xüsusilə yay aylarında Lahıca gələn turistlərin sayı artıb və 78 min nəfərdən çox olub.
Dövlət başçısı İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu qəsəbəsinin inkişafından, Basqalın tarixi irsinin qorunması ilə bağlı imzalanan Sərəncamdan geniş bəhs edərək onu da əlavə etmişdir ki, bu sənəd əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malikdir: «Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, – bunu da biz təmin etdik, – iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq.»
O da məlumdur ki, dövlət başçısı İlham Əliyev rayonlara yeni təyin edilmiş icra başçılarını qəbul edərkən qarşıya qoyduğu mühüm vəzifələrdən biri rəhbərlik etdikləri bölgələrin malik olduqları potensialın araşdırılması və onlardan səmərəli istifadə etmək üçün zəruri tədbirlərin görülməsi olur. Mühüm tələb həmin bölgələrin tarixinin qorunmasıdır. Dövlət başçısı İlham Əliyev bildirir: «Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir.»
Azərbaycanın hər bir bölgəsinin turizm imkanlarından səmərli istifadəyə yol açan mühüm amillərdən biri də həmin rayonlarda istirahət mərkəzlərinin yaradılması, otellərin fəaliyyətidir.
Ümumiyyətlə, turizmin inkişafında mühüm addımlardan biri dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Bu mühüm sənəddə öncə 2020-ci, daha sonra isə 2025-ci ilə qədər turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyən olunub. Azərbaycan turizminə göstərilən diqqətin bariz nümunələrindən biri kimi «Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Prezident Sərəncamını da qeyd edə bilərik. Bu sənədə əsasən, Azərbaycan Dövlət Turizm Agentliyi yaradıldı. Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrasını, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir. Agentlik tərəfindən 2023-cü ilə kimi regional turizmlə bağlı inkişaf strategiyasının hazırlanması, Azərbaycanın bölgələrdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun yeni inzibati strukturunun yaradılması da daxil olmaqla əsas layihələrin həyata keçirilməsi işləri davam etdirilir.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin turizm imkanları genişlənir. Tezliklə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri yüksək səviyyədə başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, həmin bölgələrdə yeni həyat başlayacaq. Ölkəmizə səfər edən turistlər üçün bu bölgələrin əvvəlki şöhrəti, cəlbediciliyi özlərinə qayıdacaq. Hər daşı, qayası tarix olan bu torpaqlarımız Azərbaycanın zəngin tarixi barədə onlara qonaq olan hər kəsə məlumat verəcək. Bütün çağırışlarımızın əsasında bu məqam yer alır ki, tariximizi qoruyaq, tarixinə sahib çıxan xalq kimi nüfuzumuzu daha da möhkəmləndirək. Tarixi Zəfərimizin əsas reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı da əsas tələb bu ərazilərimizin tarixi simasının qorunması, müasirliklə keçmişin vəhdətinin yaradılmasıdır.

