Əsas səhifə 

İdmanımız sürətli inkişaf dövrünü yaşayır

Bu gün Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Birmənalı demək olar ki, bu istiqamətdə əldə edilən uğurların təməlində cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi dayanır.  Məhz həmin dövrdən başlayaraq ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaradıldı. Görülən işlər, həyata keçirilən tədbirlər sayəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrildi. Qürurverici haldır ki, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra idmançılarımız 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edərək tarixi qələbələrə imza atdılar.

Son illərdə yüksək dövlət qayğısı sayəsində idmanın inkişafı, eləcə də Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması sahəsində mühüm tədbirlər həyata keçirilib, müasir idman infrastrukturu yaradılıb. Regionlarda müasir standartlara cavab verən idman obyektləri tikilib. Belə ki, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksi fəaliyyət göstərir. Beyləqan Olimpiya İdman Kompleksi, Ağcabədi Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi və digər şəhərlərdə müasir standartlara cavab verən komplekslər var. Eləcə də paytaxtımızda Bakı Olimpiya Stadionu fəaliyyət göstərir.

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, bütövlükdə idman sahəsi respublikamızda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Xüsusilə, beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarımız son illər ərzində qürurverici nəticələr əldə ediblər. Məsələn, 2016-cı il avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Bütövlükdə ölkəmizdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir.

Prezident İlham Əliyev bu günlərdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticə əldə etmiş idmançılarımızla görüşü zamanı bildirib ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir: “Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, – əgər belə demək mümkündürsə, – güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib”.

2020-ci lin sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan topraqlarımızı düşməndən azad etdi, respublikamızın ərazi bütövlüyü təmin edildi. Bu gün həmin ərazilər, şəhər və kəndlərimiz yenindən qurulur. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Əbədi Azərbaycan torpağı olan Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq idman yarışları təşkil olunacaq, idmançılarımız möhtəşəm qələbələrə imza atacaq, üçrəngli bayrağımızı qürurla dalğalandıracaqlar.

Daha çox xəbərlər