Tarixi Zəfərimiz idmanda uğurlarımızın miqyasını genişləndirir
Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Əlbəttə, bu təsadufi deyil. Məhz aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün biz idman sahəsində qazanılan uğurlardan ürəkdolusu danışırıq.
1993-cü ilin oktyabrın 3-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət köklü sürətdə dəyişdi. Ulu Öndər ölkədə Olimpiya Hərəkatının və idmanın inkişafına daim diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyevin idmançılar və idman xadimləri ilə çoxsaylı görüşlərində Azərbaycan idmanının, Olimpiya Hərəkatının inkişafı məsələləri daim ön plana çəkilirdi. 1995- ci il martın 5-də ulu öndər Heydər Əliyev beynəlxalq yarışlarda uğur qazanan bir qrup idmançı və onların məşqçiləri, eləcə də idman ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü. Həmin görüşdə “İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bundan sonra bu qayğını daim hiss edəcəksiniz” deyən Ümummilli Lider çox çəkmədi ki, bədən tərbiyəsi və idmana dövlət qayğısını əks etdirən bir sıra Fərman və sərəncamlar imzaladı. Bu sənədlər arasında İdman Fondunun yaradılması xüsusi önəm daşıyırdı.
23 dekabr 1997-ci ildə Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul edildi. 1997-ci ildən, yəni, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsindən sonra ölkədə Olimpiya Hərəkatının inkişafına və genişlənməsinə bilavasitə cavabdeh olan MOK öz işini dövlətlə sıx əməkdaşlıq şəraitində qurdu. Bu da əlaqələrin ilbəil daha da genişlənməsinə yol açdı. Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra idmançılarımız Sidneydə keçirilən,Yay Olimpiya Oyunlarında uğurla çıxış etdilər.
Bu siyasətin sonrakı illərdə də uğurla davam etdirilməsinin nəticəsidir. Artıq uzun illərdir ki, ölkədə ən müasir idman infrastrukturu yaradılıb. Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. Yaxın tarixə nəzər yetirsək görərik ki, 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirildi.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Dövlət başçısı bildirir ki, bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. Qazanılan nəticələr onu deməyə əsas verir ki, Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi üçün idmançılarımız səylə çalışırlar.
Bu gün Azərbaycanda həm idman sahəsinə, onun inkişafına, həm də idmançılara diqqət yetirilir, qayğı göstərilir. Bu sahədə əldə olunan hər uğurdan sonra dövlət başçısı İlham Əliyev idmançıları qəbul edir, onlarla səmimi söhbət aparır. Şübhəsiz, idmançılarımız daim dövlət qayğısı ilə əhatə olunmaları təbiidir. Çünki idman, bu sahədə əldə etdiyimiz qələbələr həm ölkənin beynəlxalq nüfuzunu artırır, həm də sağlam həyat tərzini təbliğ edir.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşmələri idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Azərbaycan Oyunlara 281 idmançıdan ibarət böyük heyətlə qatılmışdı. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3×3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırdılar. Ölkəmiz V İslam Həmrəyliyi Oyunlarında iştirakçı 54 ölkə arasında dördüncü yerə layiq görüldü. İdmançılarla görüşdə Prezident İlham Əliyev bildirdi ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Beş il əvvəl IV İslam Həmrəyliyi Oyunlarında komandamızın birinci yerə layiq görüldüyünü xatırladan ölkə başçısı qeyd etdi ki, öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir: “Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, – onlardan 29-u qızıl medaldır, – bir daha ölkəmizin gücünü göstərmişlər”.
Demək olar ki, Vətən müharibəsinin Azərbaycanın möhtəşəm Qələbəsi ilə yekunlaşmasından sonra dövlət başçısı idmançılarla keçirdiyi hər görüşdə bir məsələyə xüsusi olaraq diqqət çəkir: “Qalib ölkəni təmsil etmək özü idmançılarımızın üzərinə böyük məsuliyyət qoyur.”
Dövlət başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində dövlət qayğısını əks etdirən bu kimi görüşlərin böyük rolu var.

