Dastana dönən ömür
Əzəli, əbədi yurd yerimiz olan İkinci Qarabağ müharibəsi başlanan gündə “Təki Vətən yaşasın”- deyib odun-alovun içinə atılanda Rəşad Rasim oğlu Şiriyev ömrünün 19-cu ilinə qədəm qoymuşdu. Amma az yaşda Vətənə olan halal sevgisı onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanırdı. Məhz Rəşadı şəhidlik zirvəsinə aparanda bu İlahi bağlılıq oldu. Canını Vətəninə, onun torpağına fəda edib, əbədi bir ömür qazanmaqla könül verdiyi, onun müqəddəsliyinə tapındığı bütöv Azərbaycana sonsuz məhəbbət mücəssəməsinə döndü…
Dağlar diyarı Lerikin Bürsülüm kəndində dünyaya göz açmış Rəşadın ailəsi sonra Xəzər rayonunun Türkan qəsəbəsinə köçürlər. Ən əsası Rəşad orta məktəbi bitirib müstəqil həyata başlayanda qohum-qonşu onun yüksək mədəniyyətinə, əxlaqına, fəal vətəndaşlıq mövqeyinə heyran kəsilir. Vətənin torpağına, daşına sevdalanmış yeniyetməni əzəli, əbədi yurd yerimiz Qarabağın dığalar tərəfindən işğalı çox narahat edir. Elə Milli Ordu sıralarına yağı düşməndən qisas almaq məqsədilə düşür. Erməni faşistlər 2020-ci il sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçir. Rəşadın arzuladığı Vətən torpağı uğrunda haqq savaşımız başlanır. İlk gündən onun qələbə sorağı qaynar bölgələrdən gəlir. İgid əsgər gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək yağı düşmənə ciddi itkilər verir.
7 oktyabrda Talış- Suqovuşan istiqamətində səhərin gözə ağır müharibə ilə açılır. Adəti üzrə Rəşad öndə olmaqla qartal tək düşmənin üstünə şığıyır. Bu ölüm-dirim savaşında düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilir, döyüş texnikası sıradan çıxır. Təəssüf ki, Rəşad da qəfil atılan yağı gülləsinə tuş gəlir. Vətənin daha bir qəhrəman oğlu şəhidlik zirvəsinə ucalmaqla Azərbaycanın zəfər tarixinə adını yazır. Yaşı az, ürəyi, hünəri böyük olan bu Vətən sevdalısının göstərdiyi şücaət həm də gələn nəsillərə həyat məktəbi oldu.
Bəli, Rəşad Rasim oğlu indi bir ailənin deyil, bir xalqın əzizidir. Dövlət də öz qəhrəman oğlunu “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medallarına layiq görübdür. Doğma Bürsülüm kəndində onun şərəfinə ucaldılan bulaq abidə kompleksi insanlar üçün ən müqəddəs yer sayılır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

