“Sizin Mehriban” – Bizim Mehriban Xanım
Bu gün Azərbaycan Respublikasının Birici vitse-prezidenti, ölkənin Birinci Xanımı Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanımın həyat yoluna nəzər salarkan Onun ən yüksək insani keyfiyyətləri rəhbər tutmaqla yerli və beynəlxalq səviyyədə nümunəvi iş qadını, buna paralel gözəl ailə başçısı kimi fəaliyyəti haqqında oxuyub, bu Azərbaycan xanımından bəhrələnməyə, Onunla fərəhlənməyə bilmirsən. Mehriban xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyəti haqqında haqlı olaraq saysız-hesabsız məqalələr yazılmış, kitablar dərc edilmişdir. Lakin bu məqalələrin və kitabların hər biri ilə yaxından tanış olanda insanın ilk diqqətini cəlb edən məqam hər bir müəllifin Onun məhz sadəliyindən, təvazökarlığından, insan sevgisindən bəhs etməsidir. Zənnimcə və heç şübhəsiz ki, yalnız insanların səmimi sevgisini qazanan bir insanı ölkənin ən ucqar kəndlərinin sadə vətəndaşlardan tutmuş ictimai fəalların, dövlət rəsmilərinin, buna paralel olaraq dünyanın aparıcı siyasi liderlərinin təbrik etməsinin təməlində məhz bu ilkin insani dəyərlər dayanır. Məhz bu səmimi sevgiyə Mehriban xanım Əliyeva gördüyü nəcib işlərlə, insanların qəlblərində yaratdığı ümid, gözlərinə gətirdiyi işıqla nail olmuşdur.
Mehriban xanım Əliyeva həyat boyu olduqca çətin, bir o qədər də şərəfli işin öhdəsindən gəlməyi bacarmış, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan uzaqgörən və müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən hər sahə üzrə uğurla davam etdirilməsi işinə daxildə və xaricdə dəstək verməklə dövlət başçımızın ən yaxın silahdaşı olmuşdur. Vətəni, xalqı üçün çalışmaq, insanları təmənnasız sevgi ilə qidalandırmaq, ləyaqət, vicdan, səmimiyyət, qarşılıqlı hörmət, dəstək, səbr və sevginin hər şeyə qadir olduğuna varlığı ilə inanmaq, bu və sadalanacaq ən ali və yüksək insani dəyərlərə malik olmaq olduqca çətindir ki, bütün bunlar Mehriban xanım Əliyevaya məxsusdur və O, bu işləri layiqincə icra edir.
Mənalı, səmərəli həyat yolu sürən Mehriban xanım Əliyevanın adı çəkiləndə ətrafda bir çox insanların üzündə təbəssüm yaranaraq dərhal “Sizin Mehriban” ifadəsinin əlavə edilməsinin şahidi olursan. Çünki bu söz ən çətin, sınaqlı günlərimizdə harayımıza gəldi, bu söz yaralarımıza məlhəm oldu. Vətən müharibəsinin hər anı qürur və fərəhlə dolu idi. Baxmayaraq ki, anaların böyüdüb, boya-başa çatdırdığı igid oğullarımız namərd gülləsinə qurban gedirdi, şəhid verən bir xalq kimi kədərlənirdik, lakin sınmırdıq! Xalqımız düşmənin gözünün içinə elə dimdik baxırdı ki, döyüş meydanından əlavə düşmən və ona arxa duran havadarlar məhz bu birliyimizdən, cəsarətimizdən qorxurdu. Bu çətin məqamlarda Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa hər müraciətində hisslərin ən səmimi formada izah edilməsi, Vətən müharibəsinin gedişində torpaq uğrunda canından, qanından keçən hər əsgər anasının acısını öz acısı bilib, şəhid analarına “Əziz bacılarım” deyə müraciəti və “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” sözləri yaddaşlarımıza əbədi həkk olunub. Məhz bu ifadə, sözlər və müraciət forması bu Xanımı xalqımıza daha da sevdirdi, hər bir Azərbaycan ailəsi Onu sinəsinə basdı.
Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə sosial-fəlsəfəsi dəyərlər sistemi formalaşdırdı və onu insitutlaşdırdı. 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün bu işləri sistemli şəkildə həyata keçirən bir qurumdur. Fond qazilərimizin sağlamlığına tez qovuşmaları üçün onları Türkiyəyə göndərir, sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabiti yüksək texnologiyalı protezlərlə təmin edir, xəstə insanlara şəfa tapmaqda kömək olur. Fondun mümkün olan və olmayan işlər həyata keçirməsi, təməlində mərhəmət, şəfqət, xeyirxahlıq kimi ən ali dəyərləri prinsip kimi müəyyənləşdirməsi, təhsil, səhiyyə, mədəniyyət, elm, texnologiya, idman, ekologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirməsi və hər birinin praktiki əhəmiyyətə malik olması nəticəyönümlü fəaliyyətin cəmiyyətə nə qədər fayda gətirdiyini sübut edir.
Dünyanın çalxantılı siyasi və təlatümlü iqtisadi prosesləri fonunda, beynəlxalq hüququn aliliyinin görməzdən gəlindiyi, hətta sağlamlıq, qida məsələlərində belə ədalətsiz pay bölgüsünün tüğyan etdiyi bir zamanda, zənnimcə, bəşəriyyətin iki ən mühüm amilə ehtiyac var. Biri ədalət, xeyirxahlıq və mərhəmət, ikincisi isə bu dəyərləri bərqərar edən şəxsiyyətlər. Bunların tətbiq olunduğu, ən azından təmin edilməsi istiqamətində hər kəsin əlindən gələni əsirgəməyəcəyi bir dünya yaşanmalı hala gətirilə bilər. Mehriban xanım Əliyeva bu xüsusiyyətlərə malik olub, onları əməldə tətbiq etməklə bəşəri bir missiya, nümunə ortaya qoyur. Vətəni, xalqı üçün çalışan, düzgün fəaliyyət ortaya qoyan şəxslərin ideyaları isə nəinki indiki, gələcək nəsillər üçün də nümunə, fəaliyyətləri üçün yol xəritəsi hesab olunur. Bununla yanaşı, 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi işində əhəmiyyətli hadisə idi. Dövlətlə vətəndaş arasında inamın, səmimiyyətin yaradılması ilk gündən Mehriban xanım Əliyevanın fəaliyyətinin ən əsas istiqamətlərindən biri oldu. Məhz bu səbəbdəndir ki, yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etdi. Bu addım Vətənə, xalqa əsl sədaqət nümunəsi idi.
Yüksək təşkilatçılıq qabiliyyəti ilə idarəçilik sisteminə yeni nəfəs gətirən, ölkədə gənc və savadlı kadrların layiqli yerlərini tutmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsini işini rəhbər tutan, Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizə, ailə institutuna verdiyi dəyərə, tarixiliklə müasirliyin ən düzgün formada dərk edilərək insanlara aşılandığına görə ən gözəl nümunədir. Bu gün əgər Azərbaycan beynəlxalq aləmdə müasir, tolerant, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınırsa, bu işdə məhz Mehriban xanım Əliyevanın əvəzsiz rolu var.
Bu gün dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlı alnı açıq, başı dik gəzir. Bizə tarixi Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan muğamının avazı Şuşadan gəlir! Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı sayəsində ərsəyə gələn və dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalı hər bir azərbaycanlıya qürur və fərəh dolu hisslər yaşadır.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu illər ərzində Fransa, Vatikan, Pakistan, Bosniya və Herseqovina, Hindistan, Misir və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib. Bununla yanaşı, bu müddər ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına istiqamətlənmiş işlərin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə tanınması ilə paralel aparılması əsas missiyalardan biri idi. Bu baxımdan da Heydər Əliyev Fondunun dəstəyilə uzun illər ərzində müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğatın aparılmasına diqqət göstərilirdi. Məhz buna görə də tarixi Zəfərimizdə Heydər Əliyev Fondunun, məhz Mehriban xanım Əliyevanın xüsusi və əvəzsiz rolu var.
Doğum gününüz mübarək, əziz Mehriban Xanım!
Yorulmaz fəaliyyətiniz, Azərbaycan qadınına xas ismətiniz, tariximizə, adət-ənənələrimizə verdiyiniz dəyərin müasirliklə sintezi Sizi bizə ən düzgün nümunə kimi təqdim edir. Can sağlığı, ailə səadəti, fəaliyyətinizdə uğurlar arzu edirəm!
Hörmət və sevgi ilə,
Şəbnəm HƏSƏNOVA,
Politoloq

