Cəmiyyət 

Böyük Qayıdış davamlıdır

Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam edir. İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıdığı üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, ilk olaraq 44 günlük müharibədə Qələbəmizin simvolu sayılan, tikintisi bir ilə başa çatdırılan Zəfər yolu ötən il istifadəyə verildi. Hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi davam etdirilir. Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Bu il istifadəyə verilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun uzunluğu 22 kilometrdir. Həmçinin Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi sürətlə davam edir. Bu yol 2023-cü ildə istifadəyə veriləcək, uzunluğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir. Uzunluğu 39,7 kilometr olan birinci texniki dərəcəli yol 4 hərəkət zolaqlı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da gələn il istifadəyə veriləcək. Ağdam-Füzuli avtomobil yolunun uzunluğu isə 64,8 kilometrdir. I texniki dərəcəli, 4 hərəkət zolaqlı yolda torpaq işləri icra olunub. Uzunluğu 81,6 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti 2024-cü ildə yekunlaşacaq. Tikintisi 2024-cü ildə başa çatdırılacaq Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolunun uzunluğu 123,6 kilometrdir. 2025-ci ildə istifadəyə veriləcək Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu isə 72,3 kilometrdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi istiqamətində ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək.

İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Paralel olaraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir.

Cari ilin iyul ayının 19-da işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıldı. “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 41 ailə, təxminən 200 nəfər hər cür şəraitlə təmin olunaraq köçürüldü. Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundular. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Ali Baş Komandan  İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişinı daim diqqətdə saxlaması, bu ərazilərə mütəmadi səfərlər etməsi, 2022-ci ili də “Şuşa İli” elan etməsi bütün dünyaya açıq mesajdır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyət incimiz olan qədim Şuşa şəhərimizdə həyata keçirilən bərpa-yenidənqurma işləri sayəsində bütün dünya ictimaiyyəti bu torpaqların əzəli və əbədi sahiblərinə qayıtdığına növbəti dəfə əmin olurlar. Əmin olurlar ki, bu quruculuq işləri boş yerə deyil və bu torpaqlara Böyük Qayıdış davamlı olacaq.

Bu işlər iki vacib məqamı ortaya qoyur. Əvvəla, bərpa-quruculuq işlərinin bu qədər geniş miqyasda aparılması bu torpaqların ermənilərə yox, bizə məxsus olduğunu şəksiz olaraq təsdiq edir. Digər tərəfdən də bərpa-quruculuq işlərinin bu qədər sürətlə və uğurlu şəkildə aparılması ondan xəbər verir ki, işğalın davam etdiyi ötən 30 il ərzində Azərbaycan təkcə işğala son qoymaq üçün çalışmayıb, eyni zamanda, azad edildikdən sonra şəhər və kəndlərimizin bərpası üçün məqsədyönlü şəkildə çalışıb, hətta buna əsaslı şəkildə hazırlaşıb da. Bu isə onu göstərir ki, Azərbaycan xalqı artıq həmin torpaqlara qayıtmaq üçün illərlə hazırlaşıb və Böyük Qayıdış illərin hazırlığının məntiqi nəticəsidir. Bu reallığı da təbii ki, bütün dünya ictimaiyyəti, dünya ölkələri, hətta beynəlxalq təşkilatlar belə yaxşı başa düşürlər.

Azərbaycan yeni reallıqlar yaradıb ki,  bununla hesablaşmamaq mümkün deyil. Biz bu hesablaşmanın, Azərbaycanın beynəlxalq miqyasda keçirilən görüşlərdə, müxtəlif beynəlxalq platformalarda da şahidi oluruq. Şahidi oluruq ki, Azərbaycanın qalib tərəf olması ilə yanaşı, işğaldan azad olunan torpaqların sahibi olması faktı da qəbul olunur. O da qəbul olunur ki, işğaldan azad edilmiş torpaqların bərpası, inkişafı və hətta Böyük Qayıdış ilə bağlı Azərbaycanın strategiyası çoxdan hazırdır. Bir sözlə, Azərbaycanın Böyük Qayıdış planına, bunun artıq reallaşmaq üzrə olduğuna zərrə qədər şübhəsi olan yoxdur. Artıq Laçına qayıtdıq. Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu münasibətlə  xalqımıza təbriklərini  çatdırdılar. Qarabağ Azərbaycandır!

Daha çox xəbərlər