Cəmiyyət 

“ASAN xidmət”: Vətəndaş məmunluğunun ünvanı

Hazırda respublikamızda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir. Prezidentimizin rəhbərliyi ilə aparılan sosial islahatların əsas məqsədi vətəndaş rifahının və məmnunluğunun təminatıdır. Bu məqsədlə geniş miqyasda tədbirlər həyata keçirilir.

İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən tədbirlərin görülməsi, irimiqyaslı layihələrin həyata keçirilməsi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaş məmnunluğunu təmin edir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi bunun əyani təsdiqidir. Ötən müddətdə bu Fəaliyyət Planı dövlət orqanları tərəfindən uğurla icra edilmiş, bu strateji sənədin icrası çərçivəsində qanunvericilik, dövlət xidmətləri, açıq hökumət, maarifləndirmə və beynəlxalq fəaliyyət sahələrində müvafiq olaraq Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında və korrupsiya hüquq pozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsi ilə bağlı qanunlar qəbul edilmiş, Elektron Xidmətlərin İnkişafı Mərkəzi yaradılmışdır.

Hazırda korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm layihələr reallaşdırılır, institusional tədbirlər görülür, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılır. Belə ki, şəffaflıq təmin edilmədiyi sahələrin imdadına korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitə olan Azərbaycan brendi “ASAN xidmət” çatır.

Prezident İlham Əliyev 2020-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bildirdi ki, “ASAN xidmət” artıq sınaqdan çıxmış bir modeldir: “O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə-iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq”.

Hazırda həyata keçirilən genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərilməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyası gündən-günə genişləndirilir. 2022-ci il mayın 28-də Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı şəhərində 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı bunun əyani təsdiqidir. Yeni tikilmiş “ASAN Həyat” Kompleksi əsasən üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

Qeyd edək ki, bu kompleksdə yerləşən “ASAN xidmət” mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-dür. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək. “ABAD” publik hüquqi şəxsin sayca 11-ci etnobutiki, habelə 2-ci “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti də nəzərdə tutulur.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır. Belə ki, agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir. İndiyədək bu qurum öz fəaliyyətləri çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilələr imzalayıblar.

Daha çox xəbərlər