Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi hadisədir
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. 2022-ci il Qazaxıstanla Azərbaycan arasında əlaqələr üçün əlamətdar ildir, çünki düz 30 il əvvəl, yəni 1992-ci il avqust ayında iki ölkə arasında diplomatik münasibətlər qurulub.
24 avqust 2022-ci il tarixdə Kasım-Jomart Tokayevin Azərbaycana səfəri başlayıb. Onu da qeyd edək ki, bu Tokayevin dövlət başçısı kimi Azərbaycana ilk səfəridir. Həm Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk ikitərəfli görüşdür və böyük əhəmiyyətə malikdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq üçün bir çox perspektivli istiqamətlər mövcuddur və bu görüş iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri haqqında yeni imkanlar vəd edir.
Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur: Buraya müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. O da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, olduqca mühüm əhəmiyyət kəsb edir.
Qazaxıstan yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu hər zaman bəyan edir. Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Bütün bunlar göstərir ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının əməkdaşı

