Müstəqillik tariximizin ən parlaq səhifəsi
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması ulu öndərin xidmətləridir.
1994-cü ildə ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Ölkəmizdə ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Ümummilli liderin dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Binyamil Qüdrətov,
2 saylı Bakı ASAN Xidmət mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi

