Müstəqil Azərbaycan dövlətinin qurucusu
Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində də respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir.
Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi qiymətləndirmək lazımdır.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.
Getdikcə daha artıq insan bu ideyanın təsiri altına düşür və dərk edirdi ki, zamanında müstəqilliyimizin möhkəmlənməsinə müstəsna töfvələr verən Heydər Əliyev qazanılmış müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər. Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə bilər..
Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti idi. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı.
Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin.
Qeyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.
Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdar olmalıdır.
Beləliklə, Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi.
Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin, Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına sübutdur.
İlham Əliyevin müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olaraq meydana çıxması mahiyyət etibarı ilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni keyfiyyət halında inkişaf etdirilməsidir. Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır.Bunun ən fərəhli və qürurlu tərəfi isə 30 ildən sonra azadlığa qovuışan Qarabagimizin azadlığıdır.
Beləliklə, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.
Ümummilli liderin ideyaları əsasında dahi rəhbərin varisi İlham Əliyevin rəhbərliyi altında.
Hamımız bu yolla gedirik. Bu yolda işıq var, həqiqət var, inkişaf var.

Fəridə Cəfərova,
Xətai rayon MKS-in Baş kitabxanaçısı

