Günəşdən, küləkdən, sudan…
“Yaşıl enerji” siyasəti nələr vəd edir?
2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir
Ukrayna böhranı və Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə və enerji sanksiyaları dünyanın enerji sistemini çətinə salıb. Bu hal xüsusən Avropada özünü qabarıq göstərir. Məsələn, Almaniyada təbii qaz qıtlığı elektrik enerjisi istehsalında problemlərə gətirib çıxarıb. Bu səbəbdən Almaniyada əvvəllər söndürülmüş, lakin gözləmə rejimində qalan ilk kömür elektrik stansiyaları qaz təchizatı çatışmazlığı fonunda yenidən işə başlayıb. Elektrik stansiyası Hannover yaxınlığında yerləşir və Çexiyanın EPH konserni tərəfindən idarə olunur. Federal hökumət “yaşıl enerji”yə keçidin bir hissəsi kimi əvvəllər bağlanmış kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa etməyə icazə verib. Bu, Almaniyanın kifayət qədər qaz almadığı şəraitdə daha çox elektrik enerjisi istehsal etmək üçün lazımdır. Amma bu stansiyaların ekologiyanı çirkləndirmə dərəcəsi isə çox yüksəkdir. Qaz böhranı Bundestaqda qaz və atom elektrik stansiyalarının bundan sonrakı istifadəsi barədə diskussiyaya səbəb olub. Sosial demokratlar mövcud atom elektrik stansiyalarını bağlamamağı, zərurət yaranarsa 2024-cü ilə qədər onlardan istifadə etməyi təklif ediblər. Daş kömür və mazutla işləyən elektrik stansiyaları üçün hazırda qüvvədə olan qərardan əlavə, qonur kömürlə işləyən, hazırda dayandırılmış elektrik stansiyalarının işinin oktyabrın əvvəlində bərpa edilməsi barədə qərar hazırlanır. Bu isə o deməkdir ki, Avropa iqlimlə bağlı hədəfləri ilə vidalaşır. Belə stansiyalar Avropada iqlimin çirklənməsi prosesini də sürətləndirəcək.
Hazırda dünyada Rusiyanın tədarükünü tam ödəyə biləcək başqa təbii qaz potensialı yoxdur. Amma bu həcmin müəyyən hissəsinin əvəzlənməsi üzərində də iş gedir. Məsələn, Avropa Komissiyası 18 iyul 2022-ci il Azərbaycanla təbii qaz idxalının 2027-ci ilə qədər ikiqat artırılması haqqında saziş imzalayıb. 15 il ərzində Azərbaycan təbii qazının idxalını ildə ən azı 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutan saziş Avropa İttifaqı ölkələrinin Rusiya enerjisindən asılılığını azaltmağa kömək edəcək.
Onu da qeyd edək ki, Avropadan fərqli olaraq, Azərbaycan “yaşıl enerji”yə uğurla keçid edir. Bəllidir ki, Qarabağ regionunun “yaşıl enerji” zonasına çevrilməsi prioritet istiqamət kimi müəyyən edilib. 2050-ci ilə qədər regionu tamamilə “yaşıl enerji” zonasına çevirmək, həmçinin karbon qazı emissiyasını 40 faiz azaltmaq əsas hədəflər sırasındadır. Xəzər dənizi nəzərə alınmasa, Azərbaycanın bərpa olunan enerji potensialı 37 min meqavat təşkil edir ki, bunun da təxminən on mini ölkə ərazilərinin 2020-ci ildə Ermənistan işğalından azad edilməsindən sonra açılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin alternativ enerji potensialına, demək olar ki, bütün növ bərpa olunan enerji mənbələri, o cümlədən su, Günəş, külək, geotermal enerji daxildir. Azərbaycan bərpa edilən enerji növlərindən ölkənin digər ərazilərində istifadə üçün fəal iş aparır. İqlim hədəflərinə nail olunması, ölkənin alternativ enerji resurslarından səmərəli istifadə, həmçinin enerji keçidinin təmin edilməsi məqsədilə Azərbaycan 2030-cu ilədək alternativ enerji istifadəsinin payını cari 17 faizdən 30 faizədək artırmağı hədəfləyir.
Təsadüfi deyil ki, bir neçə gün öncə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib ki, ölkəsi Azərbaycandan “yaşıl” elektrik enerjisi təchizatına qoşulmağı planlaşdırır. O hesab edir ki, bu baxımdan ən vacib ölkə Azərbaycandır. Macarıstan rəsmisinin sözlərinə görə, Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək: “Azərbaycan böyük həcmdə “yaşıl” elektrik enerjisi istehsal edəcək və bu, Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya tədarük ediləcək. Və biz razılaşdıq ki, Macarıstan bu iddialı plana qoşulsun, çünki layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı lazımdır. Beləliklə, Macarıstanı bizim qismən istifadə edə biləcəyimiz və qismən də tranzit marşrutu kimi çıxış edə biləcəyimiz “yaşıl” elektrik enerjisi ilə təmin etmək mümkün olacaq”.
Macarıstanın xarici işlər və ticarət nazirinin fikrincə, bu sxemdə iştirak Budapeştə karbon neytrallığı məqsədlərinə nail olmaq imkanı verəcək. O, həmçinin əlavə edib ki, yaxın vaxtlarda tərəflər bu məsələ ilə bağlı birgə razılaşma variantını öyrənməyə hazırlaşır: “Mövcud vəziyyət yeni enerji mənbələrinin kəşf edilməsinin və onların tədarükə daxil edilməsinin vacibliyini açıq şəkildə göstərir. Bu baxımdan ən vacib tərəfdaş Azərbaycandır”.
Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının dəqiq planını əks etdirən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Strategiya “yaşıl” enerji ilə bağlı kifayət qədər ambisiyalı planları nəzərdə tutur. Bu layihələrin həyata keçirilməsi həmin sahənin inkişafını tamamilə yeni səviyyəyə çıxaracaq. Belə ki, 2026-cı ilə qədər Azərbaycan (Naxçıvan Muxtar Respublikası) – Türkiyə – Avropa enerji qovşağının yaradılması planlaşdırılır. Layihə çərçivəsində, həmçinin Çevirici (HVDC) yarımstansiya və 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xətt tikiləcək. Bu, elektrik enerjisinin Türkiyəyə birbaşa ixracına imkan verəcək. Bundan başqa, bu müddət ərzində alternativ enerji infrastrukturu dövlət-özəl tərəfdaşlıq yolu ilə genişləndiriləcək. Bu enerji infrastrukturuna özəl sektorun cəlb edilməsinin təşviqi üçün tədbirlər görüləcək. Bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən təsdiq edilmiş sayda elektrik stansiyalarının tikintisi və istismara verilməsi də təmin ediləcək. Beləliklə, ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı artırılacaq. Həmçinin strategiyaya uyğun olaraq Azərbaycanda geotermal enerji və biokütlə enerjisindən istifadə üzrə pilot layihələr hazırlanacaq, bu sahədə pilot layihələr müəyyən ediləcək və illik müsbət dinamika təmin ediləcək. Bundan əlavə, dənizdə külək enerjisinin potensialının öyrənilməsi və ondan istifadə üçün hazırlıq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bunun üçün müvafiq strukturlar təkliflər hazırlamalıdır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dənizdə külək enerjisinin potensialından istifadəyə dair hazırlıq işlərinin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılır.

