Qətiyyətli və müstəqil siyasətin yaratdığı reallıq
Azərbaycanın xarici siyasətində xüsusi diqqət çəkən məqamlardan biri də beynəlxalq münasibətlər sistemində özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi və tamamilə müstəqil siyasət yürütməsidir. Xüsusilə Prezident İlham Əliyevin son 19 illik qətiyyətli siyasi fəaliyyəti ölkəmizi şərtlər diktə edən real gücə çevirib.
Bəli, Azərbaycan dövləti müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli olmamışdır. Əgər dünyanın geosiyasi mənzərəsinə nəzər yetirsək görərik ki, bu 31 ildə Azərbaycanın əldə etdiyi uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, bəlkə də heç 50 ildə qazana bilməyib.
Bu gün artıq dünya müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir. Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə 10 milyardlarla yatırımlar etməsi, valyuta ehtiyatlarını 53 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan böyük nailiyyətlərdir.
Prezident İlham Əliyevin milli maraqlara söykənən məqsədyönlü xarici siyasət kursunun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə strateji önəmi etiraf olunan dövlət hesab edilir. Təbii ki, indi dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra isə regionda yaranan yeni reallıqlar imkan verir ki, burada hərbi-siyasi şərtləri Azərbaycan diktə etsin. Bu fakt bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təklifləri verir. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından danışan Prezident İlham Əliyev yeni reallıqların xarici ölkələrlə münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən ilin oktyabrında müstəqilliyimizin 30 illiyini tarixi Qələbə qazanmış xalq kimi, dövlət kimi qürur hissi ilə qeyd etdik. Bu il isə beynəlxalq əlaqələrimizin qurulmasının 30 illiyini qələbə ovqatı ilə qeyd edirik. Azərbaycan 1992-ci ildən başlayaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli qarşılıqlı münasibətlər qurub, hətta onların əksəriyyəti ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həmçinin Azərbaycan beynəlxalq siyasi və iqtisadi təşkilatlarla da qarşılıqlı əlaqələr qurub. Prezident İlham Əliyev bu uğurları dəyərləndirərkən qətiyyətlə vurğulayır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili və xarici siyasətini aparır, dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Son illərin hadisələri göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil siyəsətindən döndərə bilmədi.
Son 30 ildə Azərbaycanın yaratdığı diplomatik münasibətlər, beynəlxalq miqyasda sərgilədiyi mövqe tərəfdaş dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə göndərdikləri məktublarda, telefon zəngləri zamanı səsləndirdikləri fikirlərdə də öz əksini tapır. Buradan da aydın görünür ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Bu gün də ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edir və üzərinə düşən öhdəlikləri uğurla reallaşdırır. Təkcə Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatına sədrliyiyi nümunə kimi göstərmək olar. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Ölkəmizin başçısının təsisata sədrliyi dövründə irəli sürdüyü qlobalmiqyaslı təkliflərin bu birlik tərəfindən təqdir edilməsi, müxtəlif qərarların qəbul olunması Qoşulmama Hərəkatının nüfuzunun daha da yüksəlməsinə xidmət edib.
Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. Ölkə başçısı bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün nümunədir. Bunu şərtləndirən digər amil isə iqtisadi və siyasi müstəqillikdir. Əgər bu, baş verməsəydi bəlkə də indi Azərbaycan da bəzi ölkələr kimi kiminsə forpostuna çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər.

