Cəbhədən Xəbər 

Hərbi gücün, qətiyyətin daha bir təntənəsi

Avqustun 26-da Laçına qayıtdıq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürüldü. Bu münasibətilə Prezident İlham Əliyev rəsmi “Tviter” səhifəsində Laçınla bağlı paylaşım etdi: “Bu gün, avqustun 26-da biz- Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videokadrlarda isə Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının görüntüləri əks olunurdu.

2020-ci il sentyabrın 27-də Azərbaycanın əks-hücumu ilə başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və möhtəşəm Zəfərimizlə başa çatdı. Həmin il noyabr 10-da üçtərəfli Bəyanat imzalandı. Xatırladaq ki, Bəyanatının müddəalarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və dekabrın 1-də Laçını təhvil verməli idilər. Kəlbəcərin boşaldılması noyabrın 15-də nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün rayon noyabrın 25-də təhvil verildi. İkinci Qarabağ müharibəsindən sonra sözügedən Bəyanatın ən diqqət çəkən məqamlarından biri də 1992-ci ilin mayından Ermənistanın işğal altında saxladığı Laçın ilə bağlı əldə edilən razılaşma idi.

10 noyabr Bəyanatına əsasən, qeyd edilən bölgələrdə müvəqqəti olaraq Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. Ötən bu müddət ərzində Azərbaycan tərəfi Bəyanatın bütün müddəalarını yerinə yetirdi. Hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan öz öhdəliklərini ciddi şəkildə yerinə yetirir: “O, diplomatik və hərbi qərarları ilə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edir. Bundan sonra Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələni həll etmək lazımdır. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli artıq gecikib. Görünən odur ki, eksterritorial dəhliz olmalıdır. Orada erməni sərhədçiləri və gömrükçüləri olmamalıdır. Üstəlik, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin hüquqi rejiminə tam uyğun olmalıdır”.

Ermənilər Laçın şəhərinin boşaldılması prosesini hər vəcdlə gecikdirir, şərtlərdən yayınır, vaxtı uzatmağa çalışırdılar. Laçında qeyri-qanuni yerləşmiş ermənilər yerli KİV-ə müsahibələrində ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyinə inanmadıqlarını bildirirdilər. “Hraparak” qəzeti yazırdı ki, Laçında qanunsuz yaşayan ermənilər Moskvada gözlənilən üçtərəfli görüşə ümid bəsləyirlər. Onlar təxliyə tarixinin daha 1-2 ay gecikdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyini gözləyirlər. Ancaq iyulun sonu – avqustun əvvəlində vəziyyətin kəskinləşməsindən sonra proses daha da sürətləndi. Dövlət başçısı İlham Əliyev bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Dövlət başçısı qeyd edirdi ki, ermənilərin orada qalması hərbi cinayətdir. Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində vurğuladı ki, çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.

Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldıldı və bu ərazilər Azərbaycanın nəzarətinə keçdi. Bu münasibətlə avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlət başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.

O cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yaydı. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin imzası ilə yayılan bəyanatda deyilirdi: “TDT Katibliyi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın icra prosesinin davamı kimi Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məmnuniyyətlə qarşılayıb.

Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra apardığı bərpa-yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu bildirir. TDT Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də məcburi köçkünlərin azad edilmiş torpaqlarına qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinə diqqət çəkərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

Daha çox xəbərlər