Cəmiyyət 

Astarada şəhidin doğum günündə xatirəsi yad edilib

Əli Bəyulla oğlu Cəfərovun adı Astara rayonunda  xüsusi hörmət və ehtiramla çəkilir. O, 44 günlük haqq savaşımızda  canını Vətəninə qurban verməklə şəhidlik zirvəsinə  ucalmışdır. İndi onun həyat yolu hər bir astaralı üçün örnəkdir. Yüzlərlə ziyarətçi  Əlinin boya-başa çatdığı evinə  gəlib doğum gününü qeyd etdilər.

Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə Maşxan kənd tam orta məktəbində təhsil alıb.  Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub. 2011-ci ildə o, hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. Vətən müharibəsinə 21 oktyabr tarixində könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil edib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra  dövlət tərəfindən “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” medallara layiq görülübdür. Canından artıq sevdiyi Vətən torpağının sinəsinə baş qoyyduğu müqəddəs yer Maşxan kənd məzarlığıdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər