Cəmiyyət 

“Ağ ölüm”ün Bakıda nə ölümü var?

Paytaxtımızın unikal şəhər mühiti qorunub saxlanmalıdır

Bakı ölkəmizin paytaxtı olmaqla bərabər, dəniz sahilində olan gözəl liman şəhəri kimi bütün dünyada tanınır. Ancaq bütün gözəllikləri ilə bərabər paytaxt şəhərində bəzi xoşagəlməz hallar sovet dönəmində də olub və təəssüf ki, hazırda da mövcuddur.

Xatırladaq ki, Bakı keçən əsrdə Azərbaycanda narkotik maddələrin ən çox alınıb-satıldığı və istifadə edildiyi məkan kimi “ad” çıxarmışdı. Təəssüf ki, bunun üstünə quldurluğu və soyğunçuluğu da əlavə etmək olardı. Bunu ona görə xatırladırıq ki, belə xoşagəlməz hallar bölgələrdə çox az idi və diqqəti cəlb etmirdi. Ancaq bir neçə ildir ki, “ağ ölüm”ün istifadəsi və alveri istər Bakıda, istərsə də bölgələrdə xeyli artıb. Biz demək olar ki, hər gün KİV-lərdə narkotika ilə bağlı xəbərlər eşidirik. Bu günlərdə internet resurslarında məlumat yayıldı ki, Ağdaş rayonunda 10 nəfər marixuana, heroin və s. əkib-becərən şəxslər saxlanılıb. Həmin gün Göyçayda eyni əmələ görə 33 nəfər saxlanılıb.

Bu mövzuya həsr olunmuş verilişlərdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Məsələn, bir  neçə gün əvvəl Youtobe platformasında verilişlərin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları paytaxtın bir neçə ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilir ki, Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon  Polis İdarəsinin əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Ondan bir qədər əvvəl isə “Kubinka” adlandırılan məhəllədən 8 nəfər narkotik uyuşdurucu qəbul edən polis tərəfindən saxlanılmışdı.

Təəssüf ki, narkotiklə məşğul olanların coğrafiyası göstərilən ünvanlarla məhdudlaşmır. Dediyimiz kimi, hələ sovet dönəmindən “Kubinka”, “Bayıl” və “Sovetski” adlandırılan ərazilərdə narkotik alveri, soyğunçuluq  və xuliqanlıq tüğyan edirdi. Bu məhəllələrdən gündüz saatlarında belə keçib getmək təhlükəli idi. Tinlərdə dayanmış “hallı” oğlanlar gələnə-gedənə atmaca atır, cavab qaytarana bıçaqla, küt alətlərlə hücum edirdilər. Demək olar ki, hər gecə bu məhəllələrdə cinayət hadisələri baş verirdi.

Azərbaycanın tanınmış yazıçıları Həsən Seyidbəyli “Cəbhədən-cəbhəyə”, Cəmşid Əmirov “Qara “Volqa” əsərlərində ötən əsrin 40-50-ci illərində bu məhəllələrdə törədilən cinayət hadisələrindən maraqlı epizodlar yaradıblar. “Bizim Cəbiş müəllim” filmində “Kubinka” bazarında adamların necə aldadılması süjeti buranın cinayətkar yuvası olduğu barədə təsəvvür yaradır.

Narahatedici fakt odur ki, son illər narkomaniyaya qarşı aparılan mübarizə o qədər də effekt vermir. Narkomanların sayı getdikcə artır. İş o yerə çatıb ki, narkotika Bakıdakı məktəblərə də “ayaq açıb.” Valideynlər məktəblilər arasında siqaret və “patı” çəkənlərin sayının artığını çox təşvişlə qarşılayır, övladlarının gələcəyi üçün qorxu hissi keçirdiklərini bildirirlər. Üzərində valideyn nəzarəti zəif olan uşaqlar arasında bunun daha çox yayıldığı bildirilir.

Düzdür, polis vaxtaşırı reydlər keçirir, tonlarla marixuana və çətənə kolları yığılıb yandırılır, əkib-becərənlər istintaqa cəlb olunur, bir neçə narkomanı tutub həbs edirlər, məcburi müalicəyə göndərirlər. Ağır cinayət halları olduqda müəyyən müddətə azadlıqdan məhrum da edilirlər. Lakin müəyyən müddət keçəndən sonra həmin narkomanlar qayıdıb gəlir və əvvəlki əməllərini davam etdirirlər. Bəs bunun nəyi profilaktika oldu?

Köhnə “Sovetski”-ındiki Mirzə Fətəli küçəsində yuva salmış narkomanlarla polisin profilaktik söhbətləri müsbət nəticə vermir. Əsasən 30-50 yaş arasında olan cavan adamlar heç bir yerdə işləmir, bütün gün axan sərxoş gözləri ilə gələnə-gedənə tamaşa edir, axşam düşəndə isə “zəhrimar”ı qəbul etdiklərindən ailələrində dava salırlar. Ucadan söydükləri söyüşlər, nalayiq ifadələr qonşularda haqlı narazılıq yaradır. Beləliklə, daha bir qanun pozuntusu yaranır, birgəyaşayış qaydaları ayaqlar altına atılır.

Təəccüblüdür ki, bu “kişilər” illərdir ki, namuslu əməklə məşğul olmur, ictimai-faydalı əməkdən qaçır, evlərinə qazanc gətirmirlər. Bəs bunların ailələri necə yaşayır?

“Sovetski”dəki narkomanlardan birinin anası xadimə işləməklə, həyat yoldaşı isə xəstələnmiş qonşulara tibbi xidmət göstərməklə qazandıqları pullarla iki uşağı və özlərini birtəhər dolandırırlar. Cəmi otuz yeddi  yaşı olan bu şəxs  narkomanlığa görə polis sıralarından qovulmuş və əməlini indi də davam etdirməkdədir. Heç yerdə işləmir, günlərini evdə və küçədə keçirir. Ailəsinin, uşaqlarının həyatı onu qətiyyən maraqlandırmır. Narkotik iynəsi qurtaran kimi evdə dava-şava salır, pul qoparmayınca, uyuşdurucu iynəni almayınca sakitləşmir. Yəni, deyilənə görə, hər gün özünə 10 manatlıq “ağ ölüm” alır. İki-üç əvvəl bu məhəllədə 38-40 yaşlarında iki nəfərin artıq doza uyuşdurucu qəbul edərək qəflətən ölmələri də dərs olmur.

İndi “Qış parkı” adlanan yaşıllıq vaxtilə “sovetski”i məhəlləsinin bir hissəsi və narkomanların yuvası “Basin” küçəsi idi. Parkın salınması ilə əlaqədar həmin bu ərazilərdən köçürülmə, narkotik yuvalarının dağılmasına səbəb oldu. Amma bu da tam çıxış yolu deyil. Aidiyyəti orqanlar çıxış yolu tapmalıdırlar. Gözəl, abad Bakımıza belə mənfi hallar yaraşmır. Bakının özünəməxsus, unikal şəhər mühiti qorunub saxlanmalıdır.

Daha çox xəbərlər