Hadisə 

Prokurorluq Qubadlıdakı mina partlayışı ilə bağlı hərəkətə keçdi- YENİLƏNİB

Avqustun 30-u saat 10:00 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Qubadlı rayon prokurorluğunun məlumatında deyilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

11:04

Qubadlıda piyada əleyhinə mina partlayıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri almışdır. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha çox xəbərlər