Gündəm 

Azərbaycanın inkişaf strategiyasınin müəllifi

Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Burada sürətlə icra olunan quruculuq layihələrin son məqsədi erməni terrorçulardan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsidir. Artıq bu işlərin bəhrəsini də görüb qürurlanırıq. Bir daha Azərbaycanın güclü və qüdrətli ölkə olmasını dünya arenasında sübüt edirik.

Vurğulamaq lazımdır ki, Qarabağda aparılan bütün bərpa işlərinə şəxsən Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı Şuşada başlanan ilk tikintinin təməlini qoyaraq, azad olunmuş hər bir ərazidə hazır obyektlərin açılışını edir, burada dünyanın ən müasir və uğurlu təcrübədən istifadə olunmasına ciddi nəzarət edir. Və ən əsası Qarabağı cənnət bölgəsinə çevirilməsi planlarını Azərbaycan öz daxili gücü və maddi imkanları hesabına aprır. 2021-ci ildə bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır, 2022-ci ildə isə 3 milyarda yaxın vəsait xərclənəcək. Məlumdur ki, 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın mənimsənilməsi, tarix-memarlıq abidələrini  qismən və ya tamamilə talan edilmisi Azərbaycana milyardlarla ziyan vurub.

Azərbaycan xalqının bu gün şahidi olduğu Qarabağın bərpası misli görünməmiş böyük bir layihədir. Və qeyd etdiyim kimi, bu böyük layihəni Azərbaycan dövləti heç bir yardım, xarici maliyyə təşkilatlarından kömək almadan, öz imkanları hesabına həyata keçirir. Xarici təşkilatlardan kredit götürmək yalnız borca düşmək deyil, bununla bərabər Azərbaycan xarici qüvvələrin sözü ilə oturub durmalıdır. Artıq bugünki Azərbaycan müstəqilliyin əvvəlində olan gənc maddi cəhətdən zəif ölkə deyil, böyük zəfərlə başa çatmış 44 gün­lük Vətən müharibəsindən qələbə ilə çıxmış ölkədir.

Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində eldə olunmuş nailiyyətdir. Və bu  milli ideya ətrafında birləşmə, güclü iqtisadiyyatın  qurulması prosesini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam edir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişaf strategiyasınin qurulmasında və inkişafında rolu danılmazdır. 90-cı illərdə bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmiş ulu öndər Heydər Əliyev, tezliklə bu sistemdə islahatlara başlamış, yüksək idarəçilik yaratmış və sürətli tərəqqiyə nail olmuşdur. Bu missiyanın öhdəsindən şərəflə gəlməsi ulu öndər Heydər Əliyevin doğma vətəninə, xalqına olan məhəbbəti, siyasi təcrübə, idarəçilik bacarığı, yüksək iqtisadi bilikləri və nadir insan keyfiyyətləri olmuşdur. Azərbaycanın zəngin təbii sərvətlərə malik olması, tarixən neft hasilatı və neft emalı sahələrin mövcudluğu ölkə iqtisadiyyatın inkişaf strategiyasını formalaşdırmışdır. Bu da öz ifadəsini Heydər Əliyevin misilsiz rolu olan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndə tapır. Məhz bu dövrdən ölkəmizdə “Qara qızılın insan  kapitalına çevrilməsi” konsepisyanın reallaşması başlanıb və bu gün də bu inkişaf istiqamətinin iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunur.

Ümummilli liderimiz Heydər Əliyevin iqtisadi irsidir ki, Azərbaycan Qarabağda bərpa-qurulucuq işlərin qısa zamanda başa çatdırıb, normal həyat təmin edəcəkdir. Erməni vandalları tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq. Qarabağ cənnətə çevriləcək – bunu artıq azad olunmuş torpaqlarda görülmüş nəqliyyat, kommunal, sosial infrastruktur layihələrinin icrası sübüt edir. Bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan, innovativ tikinti materiallardan istifadə edilir, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələri icra olunur, müasir şəhərsalma standartları tətbiq olunur. Prezident İlham Əliyev perspektivlərdən bəhs edərkən azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini xüsusi qeyd edir. Bir sözlə, Qarabağ bölgəsi abad, gözəl, inkişaf etmiş regionlar sırasında olacaqdır, doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Bunun üçün dövlətimizin həm maddi imkanı, həm də yenilməz əzmi var.

Vəsilə Babayeva,
M. Nəcəfov adına 86 saylı məktəbin tarix müəllimi

Daha çox xəbərlər