Müasir müstəqil Azərbaycanın memarı
Keçmiş SSRİ-nin dağılması ittifaqa daxil olan Respublikalarda siyasi və iqtisadi cəhətdən qarışıqlığa gətirib çıxarmışdı. Parçalanmış ittifaqın tərkibindəki respublikalar müstəqillik əldə etdilər. Lakin yeni qazanılmış müstəqilliyi qorumaq çətin siyasi proses idi. Hər hansı bir dövləti siyasi və iqtisadi cəhətdən gücləndirmək, inkişaf etdirmək uzun, keşməkeşli yoldur. Bu gün həmin respublikalar müstəqillik yolunu əzablı da olsa qət etmişdir.
Azərbaycanda xalqın 1988-ci ildən başlayan azadlıq mücadiləsi 1991-ci ildə öz bəhrəsini verdi. Lakin ölkə mücadilənin başlaması ilə bir sıra siyasi problemlərlə də qarşılaşdı. Otuz illik Qarabağ münaqişəsinin alovları 1988-ci ildən közərməyə başlamışdır. Məhz həmin illərdə ermənilərin kiçik quldur dəstələrinin vəhşiliyilə ilk şəhidlərimizi verdik. 1990-cı il qanlı yanvar hadisəsi siyasi vəziyyəti daha da gərginləşdirdi. Bu mürəkkəb, çıxılmaz şərait getdikcə daha da dərinləşirdi. Azərbaycan nəinki ərazi hətta müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Belə vəziyyətdə hər zaman dövlətin yenidən möhkəmlənməsi, çiçəklənməsi üçün güclü siyasi liderə ehtiyac duyulur.
Ulu Öndər Heydər Əliyev dünya siyasətçiləri arasında uzun illər böyük təcrübəsi olan dahi şəxsiyyətdir. Azərbaycanın çətin vəziyyətdən xilas olmasında onun bu təcrübəsinin əvəzsiz rolu danılmazdır. Bu gün ölkəmizin güclənməsinin, stabilliyimizin memarı məhz Ulu Öndərdir.
Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev 1990-cı ilin yanvar hadisəsinə etiraz əlaməti, xalqa qarşı törədilmiş bu cinayətin təşkilatçı və iştirakçılarının cəzalandırılması tələbilə yanvar ayının 21-i Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etdi. Uzaqgörən müdrik siyasətçi yaranmış siyasi qarşıdurmanın, Qarabağ münaqişəsinin gərginləşməsində günahkar kimi SSRİ rəhbərliyinin ikiüzlü, yarıtmaz siyasətini görürdü. Bütün bunlara etiraz əlaməti olaraq o, 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Azərbaycanda getdikcə dərinləşən siyasi çətinliklərə biganə qalmayaraq 1990-cı il iyulun 20-də Heydər Əliyev Bakıya qayıtdı, iki gün sonra isə Naxçıvana getdi. Qarışıq siyasi dövrdə onun təcrübəsinə böyük ehtiyac vardı. Bu səbəbdən də, o, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. 1991-ci il sentyabr ayın 3-də dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi. Bununla yanaşı, o, müvafiq qanunvericiliyə əsasən 1993-cü ilə qədər həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu.
90-cı illərlə müqayisədə Azərbaycanda həm siyasi, həm də iqtisadi cəhətdən böyük inkişaf görünür. Müasir müstəqil Azərbaycanın çiçəklənməsi və ölkədəki stabillik məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir.

Bahar Məmmədova,
Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təçkilatının ərazi partiya təşkilat sədri

