Dövlətlərarası yol hazırdır
“Laçın dəhlizi”nin ləğv edilməsi Ermənistana daha bir zərbə oldu
Qarabağla Ermənistan arasında yeni çəkilən dövlətlərarası yolda son tamamlama işləri də yekunlaşıb.
Üçtərəfli Bəyanatın müdəalarına uyğun olaraq üç il müddətində “Laçın dəhlizi”nin ləğv edilməsi və ona alternativ yol çəkilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyi vaxtından xeyli tez başa çatdırıb. Laçın şəhərindən yan keçən və Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birləşdirən yeni yolun uzunluğu təxminən 32 kilometrdir. Bunun yalnız təxminən 10 kilometrlik hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki Ermənistanın ərazisidir və yolun çəkilişi onun vəzifəsidir.
Beləliklə, Azərbaycan ərazisinə yeni yolun 22 kilometrlik hissəsi düşür. Bu yol bizim iki rayonumuzun ərazisindən keçir. Təxminən 8-9-kilometri Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür. Yeni yolun marşrutu elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və əkinə yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir.
Məlumat üçün deyək ki, Qayğı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamışdı. O zaman cəmi bir neçə ev tikilmişdi. Lakin 1992-ci ilin mayında Laçının işğalı işləri yarımçıq qoydu. İşğal illərində erməni vandalları qəsəbədə olan bütün evləri bünövrəsinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və dəmir- beton plitələrdən istifadə edilmişdi.
Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır. Bu, Zabux kəndindən təxminən 18 kilometr aralıdadır. Burada isə Həkəri sərhəd çayıdır.
Yaxşı haldır ki, yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 kilometrdir. Köhnə yol isə Laçın şəhərinin mərkəzindən keçməklə rayon ərazisində uzunluğu təxminən 30 kilometrdir. Yəni, 23 kilometr məsafədə Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 kilometr Laçından Şuşa rayonun ərazisinə keçənə qədər. Göründüyü kimi, yeni yol köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 kilometr qısadır.
Yeni yolun çəkilməsi istər siyasi, istərsə də iqtisadi baxımdan xüsusi əhəmiyyətə malikdir. Köhnə “dəhliz”in ləğv edilməsi Ermənistana tutarlı şillə effekti yaratdı. İşğalçı ölkəyə əlbəttə, Laçının içindən keçib getmək sərf edirdi. Ona görə də Ermənistan rəhbərləri qətiyyən bu strateji yolu əldən vermək istəmirdilər. Xatırladaq ki, istər Birinci və İkinci Qarabağ müharibələri dövründə, istərsə də otuz illik işğal illərində Ermənistan bu yoldan yetərincə faydalandı. Çünki silahlı quldur dəstələrini bu yolla asan daşıyıb gətirir, Azərbaycanın sərvətlərini rahat şəkildə yağmalayıb aparırdılar. Ermənilər “Laçın dəhlizi”ni Qarabağ erməniləri üçün “həyat yolu” adlandırırdılar. Ona görə də son günlərə qədər “Laçın dəhlizi”nə xüsusi status almağa çalışırdılar. Bu məqsədlə onlar hətta məsələni beynəlxalq miqyasda qaldırmağa can atırdılar. Nəhayət, gözləmə limitinə son verən Azərbaycan rəhbərliyi radikal tədbirlərə əl atmalı oldu. “Qisas” antiterror əməliyyatından sonra onlar məcbur qalaraq inadın mənasız olduğunu başa düşdülər. Lakin Rusiyanın müxtəlif dövlət strukturlarında yuva salmış ermənilər və onların züytutanları Azərbaycana qarşı əvvəlki kimi düşmən mövqelərindən əl çəkmirdilər. Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”-də Azərbaycana qarşı təxribat törədilib. Belə ki, “Duma TV”-də Azərbaycana qarşı təxribatçı məzmunlu material yerləşdirilib. Məsələ ondadır ki, Prezident İlham Əliyevin Rusiya sülhnəramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra “Duma TV”də “Dağlıq Qarabağda Azərbaycan Ordusu yerləşdirilib” başlıqlı qərəzli material gedib. Materialda əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Hərbi tarixçi, politoloq Nikita Buranov Azərbaycanın ünvanına iftira xarakterli fikirlər səsləndirib. Təbii ki, bu cür sayıqlamalar Rusiya dövlətinin rəsmi mövqeyi deyil. İllərlə şahidi olduğumuz erməni yalan-palanı və şər şəmətasıdır.
Dünən axşam saat 20-dən yeni yol istifadəyə hazırdır. Bu yolun istifadəyə verilməsi ilə ölkəmiz həm Ermənistan üzərində daha bir qələbə qazanacaq, həm də gələcəkdə baş verə biləcək hansısa təhlükələrdən sığortalanacaqdır. Qısaca desək, yeni yol Azərbaycanın dövlət maraqlarına tamamilə uyğundur.

