Gündəm 

Doğma Qubadlı, sən azadsan!

Tezliklə abadlaşıb öz sakinlərinə qucaq açacaqsan

1993-cu il avqustun 31-də rayonun Ermənistan tərəfindən işğalı zamanı 238 nəfər azərbaycanlı şəhid olub, 78 nəfər itkin düşüb, 94 kənd talan edilib

Uzun illər mənfur düşmənin işğalında olmuş gözəl guşələrimizdən biri də Qubadlı rayonudur. 1915, 1918 və 1920-ci ildə Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalıb.

Bu dövrdə bütövlükdə Zəngəzurun digər əraziləri ilə birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə  çətinlik və əzablara baxmayaraq, erməni qoşunları torpağımızdan qovulmuşdur. Lakin Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və nəticədə minlərlə rayon sakini evlərindən didərgin düşmüşdür. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Bu rayon Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub.

Erməni silahlı birləşmələri 1988-ci ildən başlayaraq Ermənistan (120 km) və Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hucumlara başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam edib. Erməni silahlı dəstələri mütəmadi olaraq yaşayış məskənlərimizi atəşə tutur, əhaliyə qarşı əsl terror aktları və qətllər törədirdilər. Onların məqsədi Qubadlı əhalisini köçürmək, ərazisini Ermənistana birləşdirmək idi.

1993-cü ilin avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olub, onlardan 9 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində 30 mindən çox Qubadlı sakini yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq Bakı, Sumqayıt şəhərləri ilə bərabər, respublikanın 42 rayonunda müvəqqəti olaraq məskunlaşıb. İşğal zamanı qadın və uşaqlar daxil olmaqla, çoxlu sayda dinc sakin öldürülüb, əsir götürülüb, bir çoxlarından isə bu günə qədər heç bir məlumat yoxdur.

İşğala qədər Qubadlı rayonunda 62 idarə və müəssisə, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərirdi. 180 mədəni-maarif müəssisəsi, 84 kitabxana, 12 mədəniyyət evi, 44 klub, 7 avtoklub, 23 kino qurğusu, 5000-dən artıq dəyərli eksponatı olan Tarix Diyarşünaslıq Muzeyi, 125 ticarət, 96 iaşə, 25 məişət xidməti müəssisələri, 21 rabitə müəssisəsi, 8 avtomat-telefon qurğusu, 4 xəstəxana, 4 əczəxana, 5 həkim ambulatoriya-müalicə mərkəzi, 54 feld-şer-mama məntəqələri fəaliyyət göstərirdi. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni, 5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər.

Fədakar əməyi ilə illər boyu qurduqları güzəranın tar-mar edilməsi, toplanan ictimai və şəxsi mülkiyyətin işğalçı erməni ordusu tərəfindən talan edilməsi, əhalinin dədə-baba yurdundan didərgin düşməsi qubadlılara böyük mənəvi zərbə oldu. Lakin itirilən mülkün, varın sahiblərinin köçkün vəziyyətinə düşməsi onları sındırmadı. Çünki onların güvəndiyi, uzaqgörən və müdrik rəhbər, daim xalqın taleyini düşünən ulu öndər Heydər Əliyev kimi lideri vardı. Ağır günlərdə yurd-yuvalarından didərgin düşmüş insanların həmişə yanında olduğunu bildirən dahi şəxsiyyətin bir fikrini də xatırlatmaq istərdik. O qubadlılara deyirdi: “Bu mülkün, bu varın sahibləri qaçqın vəziyyətində respublikanın cürbəcür bölgələrində çadırlarda yaşayırlar. Bu şübhəsiz ki, sizi də incidir, amma bilin ki, məni də həddən artıq incidir.”

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edildi. Bununla oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. İkinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Hər iki tərəf çoxlu itki verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusu hərbi birləşmələri yerləşmişdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib. Hazırda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında digər azad olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonunun tarixi-dini abidələri də sürətlə bərpa olunur.

Beləliklə, Ali Baş  Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində  işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.

Daha çox xəbərlər