Ulu Öndər Heydər Əliyev ölkəmizi tənəzzüldən xilas edib tərəqqi və xoşbətlik yoluna çıxarmış liderdir
Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, qüdrətli, müasir dövlətin yaradılması olmuşdur. Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri böyük əzm və səylə qət etmişdir. Müstəqillik illərində ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdur. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdır.1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdı. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilməsini təmin etmişdir. Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı

