Ulu öndər Heydər Əliyev gəncliyimizin xilaskarıdır
Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”,- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir. Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən müstəqil Azərbaycan Respublikasının, sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən, yüksək potensiala malik Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin qorxmazlığı, sözünü məqamında deməyi bacarması, həqiqətin gözünün içinə dik baxması, milli ideallar uğrunda mübarizəsi kimi xarakterik xüsusiyyətləri biz gənclər üçün ən gözəl və ən aydın örnəkdir. Onun fəaliyyətini əsas tutan biz gənclər hər gün dərk edirik ki, mənalı və şərəfli ömür yolu sürmək tək özünün nümunəvi davranışlarınla kifayətlənmir, həm də bu istiqamətdə cəmiyyətə faydalı vətəndaş olmaqdan keçir. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz onun ideyaları ilə aşılanır.
Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi ulu öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır.“Ümummilli Lider dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, həmçinin vətəndaşlarımızın dinc və firavan həyatının təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Bu gün dövlətimizin başçısı “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək Azərbaycanın milli maraqlarını prioritet istiqamət kimi müəyyənləşdirib, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Ümummilli Liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir faktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bütün bunlarla yanaşı, Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edilir.Vətənin, xalqın işıqlı gələcəyini təmin etmək, qorumaq üçün bu ideyalar uğrunda var qüvvə ilə mübarizə apara bilən, bütün ruhu və varlığı ilə ülvi, müqəddəs ideallara bağlı olan nəsillər formalaşdırmaq, ulu öndərin ömrü boyu sadiq qaldığı amallarla yaşaya bilən övladlar yetişdirmək Vətənimiz Azərbaycanın dünya durduqca varlığını təmin etmək deməkdir.
Bədiyyə Sadıqova,

