Gündəm 

Xalq və dövlət qarşısında misilsiz tarixi xidmət

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar şanlı müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan MR Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır.

Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın dinamik inkişafının təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görmüşdür. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Görkəmli dövlət xadiminin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca ağır ictimai-siyasi və mürəkkəb bir dönəmdən keçirdi. SSRİ-nin dağıldığı bir dövrdə keçmiş ittifaqdakı hərc-mərclik respublikaların həyatına da təsir etməyə başladı. Respublikada çox mürəkkəb siyasi vəziyyət yarandı. Həmin dövrdə Naxçıvan MR-nın blokada şəraitində olması, sosial-iqtisadi durğunluqlar, Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.

1990-cı il noyabr ayının 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və bina qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin yekdilliklə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur.

Respublika müharibə vəziyyətində olduğu bir dövrdə sənaye məhsullarının qıtlığı və sosial-iqtisadi problemlər şəraitində Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, inkişafın və həmrəyliyin təmin olunmasına nail oldu. Həmin dövrə nəzər yetirdikdə bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından xüsusi əhəmiyyət kəsb etdiyi görünür. Muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi.

1990-cı il 17 noyabrda Naxçıvan MR Ali Məclisində keçirilən sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan MR-nın dövlət bayrağı olaraq təsdiq edilmişdir. Milli bayraq məsələsi ilə əlaqədar olaraq 2 bəndlik qərar qəbul edildi.

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan MR-da siyasi-iqtisadi vəziyyət yaxşılaşdırıldı, aqrar islahatlar aparıldı, infrastrukturun inkişafı istiqamətində xüsusi işlər həyata keçirildi. Bir çox regional və beynəlxalq əlaqələr formalaşdırıldı. Qonşu dövlətlər olan Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq yarandı.

Ali Məclisin Sədri vəzifəsində işləyərkən Ulu Öndərin dünya azərbaycanlılarını bir ideya ətrafında – vətənə və xalqa xidmət naminə birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi

Daha çox xəbərlər