Cəmiyyət 

Qapalı məkanlarda maskadan istifadə edin – Mütəxəssis xəbərdarlıq edir

Peyvənd olunmaq və gigiyenik qaydaları gözləmək hər birimizin borcudur

İki ildən artıqdır dünyanın mübarizə apardığı COVID-19 bəşəriyyətin yaxasından əl çəkmək  istəmir. Bir çox alimlər tezliklə koronavirus pandemiyasının bitməsinin elan olunacağını desələr də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) buna tələsmir. Çünki koronavirusa yoluxanların sayı dünya üzrə əvvəlki illərə nisbətən azalsa da, yenidən artan yoluxma faktları ilə üz–üzəyik.

Statistik məlumatlara nəzər yetirsək  görərik ki, dünya ölkələrinin bütün səylərini koronavirus infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq  COVID-19-a yoluxma halları artaraq 607 milyonu ötüb.  Hazırda yoluxmaların sayına görə ABŞ birincidir. Növbəti ölkələr sırasında isə Hindistan, Fransa, Braziliya, Almaniya, Böyük Britaniya  yer alır. Koronavirusa yoluxma sayında gündəlik artımların olması, dünyanın bəzi ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi yenidən  insanlarda virus xofu yaradıb.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Klüge  isə bildirib ki, payızda yoluxmanın yeni dalğası gözlənilir. Biz pandemiya ilə mübarizədə böyük uğurlar qazanmışıq. Amma virus əvvəlki kimi dövr edir, insanlar xəstəxanalara düşməkdədir. Təkcə ötən həftə 3 min nəfər həyatını itirib. Payız fəslinin yaxınlaşması ilə biz xəstəliyin növbəti dalğasını gözləyirik.

ÜST-ün məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım, əsasən, “Omicron” ştammının mutasiya olunan yeni növləri hesabına baş verib. COVID-19-un təkamülünün istiqaməti və yeni ştammların xüsusiyyətləri tam müəyyən olunmayıb. Belə hesab edilir ki, bu ştamlar digər koronavirus ştammlarından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus, əsasən, yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

Ötən aylarla müqayisədə Azərbaycanda da COVID – 19 infeksiyasının yayılma­sı ilə əlaqədar neqativ dinamikanın izlənilməsi, yoluxanların sayında artım və yoluxan şəxslərin sağa­lanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov yoluxma sayında artımın epidemioliji vəziyyətə təsiri, virusdan qorunmaq üçün vacib olan  qaydalarla bağlı “İki sahil”in  suallarını cavablandırdı.

Virusa qarşı kütlə immunitetinin azalması və digər faktorlar yoluxma sürətinə təsir edir

Təyyar Eyvazov bildirdi ki, əvvəlki aylarda yoluxma hallarının ikirəqəmli həddində olması əhalidə sanki pandemiyanın bitməsi təəssüratı yaradırdı. Lakin bunun belə olmadığını dəfələrlə qeyd etmişik. Pandemiya təcrübəsi göstərdi ki, alovlanmalar ayrı-ayrı dalğalarla özünü büruzə verir. Hazırda ölkədə nisbətən yüksək yoluxma səviyyəsində  proseslər davam edir. Soyuq aylarda yoluxma hallarının artımı üçün əlverişli şərait yaranır. Yəni, insanlar daha çox qapalı məkanlarda toplaşır, sıx təmaslar artır, nəfəsliklər az istifadə olunur. Digər tərəfdən, bu dövrdə insanlarda immunitetin təbii olaraq müəyyən qədər zəifləməsi, o cümlədən vaxt keçdikcə infeksiyaya qarşı kütlə immunitetinin azalması və digər faktorlar yoluxma sürətinə təsir edir.

Yoluxma sayındakı artımın səbəblərindən bəhs edən həmsöhbətimiz diqqətə çatdırdı ki, əsas səbəblərdən biri də virusun daim mutasiyaya uğrayaraq daha yoluxucu olması və əvvəllər qazanılmış immunitetdən yayına bilməsidir. Ona görə də payız-qış aylarında yoluxma hallarında artımların ola biləcəyi proqnozlaşdırılır.

“Omicron” ştammı özünü daha çox kəskin respirator virus infeksiyaları kimi aparır

“Koronavirusun “Omicron” ştammının  əlamətləri  hansılardır?  Əvvəlki variantlarla müqayisədə ölüm riski nə qədərdir” sualına isə mütəxəssisin cavabı belə oldu: “Omicron” ştammı özünü daha çox kəskin respirator virus infeksiyaları kimi aparır, simptomlar oxşardır, əsasən yuxarı tənəffüs yolları zədələnir, pnevmoniyalar, ağır hallar daha az rast gəlir. Bu, formalaşan populyasion immunitet fonunda virusun mutasiyaları hesabına baş verir. “Delta” ştammı ilə müqayisədə ölüm halları daha azdır, lakin hələ ki, mövsümi qripdə olduğundan bir qədər çoxdur.”

“Omicron” ştammı özünü daha çox kəskin respirator virus infeksiyaları kimi aparır, simptomlar oxşardır, əsasən yuxarı tənəffüs yolları zədələnir, pnevmoniyalar, ağır hallar daha az rast gəlir

 

Peyvəndlər tam da olmasa qismən öz qoruyuculuğunu saxlayır

Koronavirusla mübarizədə ən effektiv üsul hesab edilən peyvəndləmə Azərbaycanda bu gün də davam etdirilir. Çünki peyvəndləmə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, yoluxma zəncirini qırmaq baxımından olduqca əhəmiyyətlidir. Həmsöhbətimiz vurğuladı ki, infeksiya ilə mübarizə üçün istifadə olunan bütün peyvəndlər tam da olmasa qismən öz qoruyuculuğunu saxlayır və istifadə olunmalıdır.

Bütün bunlarla yanaşı, son bir neçə aydır ki, koronavirusun fərqli ştammlarının, eyni zamanda, yeni növ xəstəliklərin yayılması ilə bağlı xəbərlərə şahidlik edirik. Dünya koronavirus bəlasından qurtulmamış meymunçiçəyi virusu ilə üzləşdi. T.Eyvazov  bildirdi ki, meymunçiçəyi infeksiyası yayılmaqda davam edir. Avqustun 29-na olan statistik məlumata əsasən, dünyanın 90 ölkəsində 48 min 470 belə hadisə qeydə alınıb. Azərbaycanda bugünədək belə hal təsdiqlənməyib.

Mütəxəssisin əhaliyə mövcud durumla bağlı  tövsiyələri belə oldu:  “Koronavirus  infeksiyasına yoluxma hallarının artımı dövründə əhali daha diqqətli olmalı, insanların sıx təmas yerlərindən mümkün qədər yayınmalı, bağlı məkanlarda maskadan istifadə etməli, məsafə gözləməli, otaqların havasını tez-tez dəyişdirməli, əl və respirator gigiyena qaydalarına əməl etməli, özündə xəstəlik əlamətləri hiss edərsə izolə olunmalı və şübhəli hallarda ilk növbədə, sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur. Risk qrupları müvafiq qaydalara uyğun peyvəndləmədə dafa fəal iştirak etməlidir.”

Hazırkı dinamikadan da göründüyü kimi, “pandemiya bitdi” demək, bu haqda düşünmək üçün hələ tezdir. Vətəndaşlarımızda son ştammlara yoluxanların xəstəliyi yüngül keçirməsi, ağırlaşmanın olmaması kimi faktlar arxayınlıq yaratmamalıdır. Yoluxmaların sayı daha çox artsa, ölkədə bəzi məhdudiyyətlərin tətbiqinə başla­nacaq. Sərt tədbirlərin, ciddi qapanmaların olmaması, yenidən həyatımızın çərçivələnməməsi üçün məsuliyyətli olmalı, ehtiyatı əldən verməməliyik.  Necə deyərlər, ehtiyatımızı əldən verməyək ki,  hər zaman sağlam qalaq!

Daha çox xəbərlər