Təlim əsgərin akademiyasıdır
2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılıb
Dünyanın məşhur hərbi xadimlərindən biri – böyük rus sərkərdəsi Suvorov öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, təlim əsgərin akademiyasıdır. Doğrudan da, təlimlər ən mühüm hərbi əməliyyat tədbiri olaraq şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında, qələbəyə inamın formalaşmasında vacib rol oynayır.
Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılıb. Cari il ərzində “Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”, “Anadolu Qartalı-2022”, “Qış təlimi – 2022”, “Beynəlxalq Ordu Oyunları – 2022” və digər beynəlxalq təlim və yarışlar hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək. Azərbaycan birgə hərbi təlimləri daha çox Türkiyə və Pakistanla keçirir.
Avqustun 29-da isə Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” (“Layiqli tərəfdaş – 2022”) çoxmillətli birgə hərbi təlimlər başlayıb. Bu təlimlər artıq altıncı dəfədir ki, qonşu ölkədə keçirilir. Təlimlərin açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub. Əsas məqsəd Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığı və uyğunluğu artırmaqdır. Azərbaycanın Ordusunun da qatıldığı bu hərbi təlimlərdə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edir.
Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub. Təlimlər və yarışlar ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və daha möhkəmləndirilməsinə hesablanıb. Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafının davamlı diqqət mərkəzində saxlanılacağını bildirib: “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq…”
“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” deyən dövlət başçısı güclü ordu və güclü dövlət anlayışlarının vəhdət təşkil etdiyini formul olaraq ortaya qoyur. Bu gün fəxrlə deyə bilərik ki, Qafqazın ən güclü ordusuna sahibik.

