Məhsuldar torpaqlar, zəngin təbii sərvətlər və işgüzar insanlar…
Qarabağın və Şərqi Zəngəzurun bərpası ölkənin iqtisadi inkişafına böyük töhfələr verəcək
İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından da münbit ərazilər hesab olunur. Mütəxəssislərin fikrincə, buradakı xammal və təbii ehtiyatların zənginliyi, həmçinin məhsuldar torpaq sahələrinin həcmi imkan verəcək ki, bərpa mərhələsindən sonra həmin rayonlarda məhsul istehsalı 8 dəfə artsın.
Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə aqrar sektorun inkişafına xüsusi önəm verir. Çünki Ağdam, Füzuli və Cəbrayıl işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idilər. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikada öndə gedirdilər. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın, Qubadlının, Laçının və Kəlbəcərin təbii sərvətlərlə zənginliyi faktı da mövcuddur. Xüsusən də qızıl ehtiyatlarına görə Kəlbəcər birinci, Zəngilan isə ikinci sıradadır.
Bəzi qiymətləndirmələrə görə, işğal dövründə Ermənistan şirkətləri Kəlbəcərdə 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusilə sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumi daxili məhsulun artmasına imkan verəcək.
Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 14 əlvan və bəzək daşları və s. yataqları yerləşir. Təbii ki, bunlar həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, işğaldan azad olumuş ərazilərdə yaxın gələcəkdə turizm potensialından da geniş isifadə ediləcəkdir ki, bu da ölkəmizə daxil olacaq milyonlarla yeni vəsait deməkdir. Turizm mütəxəssislərinin qənaətincə, bu rayonlarda daxili və gəlmə turizm potensialı kifayət qədər böyükdür.
Belə zəngin bölgələrimizə Böyük Qayıdışın başlamasına start verilsə də bu işin tamamilə reallaşması üçün xeyli vaxt lazımdır. Lakin bununla belə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir, tarixi-mədəni, dini abidələrimiz bərpa edilir. Həm də bu işlərin gedişi ilə şəxsən maraqlanan Prezident İlham Əliyev mütəmadi olaraq həmin ərazilərə səfərlər edərək tövsiyə və tapşırıqlarını verir.
Son 2 ilə yaxın vaxtda Şuşa şəhəri yenidən qurulub və buradakı tikinti işləri şəhərin infrstrukturunu, mənzərəsini tamamilə yeniləyib. Eyni zamanda, işğaldan azad edilən rayon mərkəzlərinin Baş planları təsdiq olunaraq tikinti işlərinə başlanılıb. Ən böyük iş isə Zəfər yolunun və Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda yenidən tikilən su elektrik stansiyaları, yol keçidləri və nəhəg tunellər Böyük Qayıdışı sürətləndirən mühüm hadisələrdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarının tikilməsi zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunmasına hesablanıb. Bu anbarlar imkan verəcəkdir ki, 100 min hektarlarla ərazi yenidən kənd təsərrüfatı üçün yararlı torpaqlara çevrilsin.
Bu da mühüm faktdır ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması proqramının icrası üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bir sözlə, bu gün məhz erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü və vəsaiti və ilə yenidən nəfəs verir. Bütün bu nəhəng işlər ona hesablanıb ki, yaxın bir neçə ildə torpaqlarımıza Böyük Qayıdış başa çatsın.

