Gündəm 

Fermerlərimiz pambığı baha qiymətə satacaqlar

Bu gün Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olan kənd təsərrüfatı keyfiyyətcə yeni mərhələyə daxil olub. Son illər ölkə başçısının rəhbərliyi ilə bu sahədə həyata keçirilən irimiqyaslı layihələr artıq öz bəhrəsini verir. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. Həmçinin geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq.  Kənd təsərrüfatı naziri İnam Kərimov bir müddət əvvəl mediaya açıqlamasında bildirib ki, aqrar sahədə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və Azərbaycan aqrar sahədə innova­siyaların ən çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar yaradıb. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı bildirib ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır: “Hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir? Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə uğurla davam etdirilir. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, azad olunmuş ərazilərdəki strateji əhəmiyyətli su anbarları yüz min hektarlarla sahənin suvarılmasını təmin edəcək. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.

Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə həyata keçirilən “ağıllı kənd” layihəsi əsasında kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Son illərdə regionlarda yaradılan müasir infrastruktur, eləcə də aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Məsələn, cari ildə ölkəmizdə pambıq yığımı ərəfəsində pambıqçılığın dəstəklənməsi istiqamətində növbəti addım atılıb. Belə ki, pambığın alış qiyməti artırıldığından fermerlər bu məhsulu baha qiymətə sata biləcəklər. Bu məqsədlə pambığın alış qiyməti 50 manat artırılıb. Qiymət artımı pambığın bütün növlərinə aiddir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparıblar. Müzakirələr nəticəsində sahibkarlar məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Bildirilib ki, bu ildən tədarük məntəqələrinə verilən pambığın hər tonuna görə fermərlərə 170 manat məhsul subsidiyası ödəniləcək.

Qeyd edək ki, bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Bu ayın əvvəlindən isə respublika ərazisində kütləvi pambıq yığımına start veriləcək.

Göründüyü kimi, son illər kənd təsərrüfatına ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur. Azərbaycanda bu sahədə əldə olunan uğurlar dövlət başçısının bu istiqamətdəki düşünülmüş siyasətinin parlaq təzahürüdür.

Daha çox xəbərlər