İtaliya səfəri Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş olmasının nümayişinə çevrildi
Artıq 30 ildir ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir
Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli əməkdaşlıq edir, beynəlxalq təşkilatlar çərçivəsində fəallığını durmadan artırır. Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya da xüsusi yer tutur.
Azərbaycan– İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub
Dövlətlərarası münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılması ilə qoyulub. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyətə başlayıb. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.
2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında imzalanmış “Çoxtərəfli Strateji Tərəfdaşlığın gücləndirilməsi üzrə Birgə Bəyannamə” son dərəcə perspektivli ticarət əlaqələrinin təməlini qoydu. Ənənəvi enerji ticarətindən bəhrələnən İtaliya–Azərbaycan taktiki birliyi artıq müdafiə, infrastruktur və sərmayəni də əhatə edən bütöv bir ticarət tənzimləməsini əhatə edir. Bu sənəd çoxşaxəli olmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə hesablanıb. İmzalanmış sənədlərin uğurla icrası ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərib. Bunun nəticəsidir ki, bu gün İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı rolunu oynayır.
Diplomatik əlaqələrin 30-cu ildönümünə təsadüf edən tarixi səfər
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliyaya işgüzar səfəri həm ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, həm də Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızın genişləndirilməsinə təkan verəcək. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər çərçivəsində İtaliyadakı səfirliyimizin cənab Prezidentin iştirakı ilə açılışı baş tutan yeni binasında Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması, təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı atılan addımlar da bu prosesin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Səfərin məqsədi 2020-ci ilin fevralında Prezidentin İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış “Çoxtərəfli Strateji Tərəfdaşlığın gücləndirilməsi üzrə Birgə Bəyannamə”nin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyənləşməsidir.
Çernobbio Forumu: Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında növbəti platforma
Səfər çərçivəsində Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirakı, dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir.
Qeyd edək ki, müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edərkən diqqətə çatdırıb ki, ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik. Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq.”
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Prezident İlham Əliyev çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı da ətraflı məlumat verib. O, Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib.
Ölkəmiz öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur
Prezidentin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Forum çərçivəsində cənab Prezident İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırıb. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı qeyd edib ki , Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu konktekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Enerji sahəsində uğurlu əməkdaşlıq
Müstəqillik illərində Azərbaycan uğurlu iqtisadi siyasət yürüdərək öz enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq, həmçinin yeni ixrac marşrutlarını ərsəyə gətirmək üçün önəmli layihələrə imza atıb. İtaliya Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin (BTC) tikintisində yaxından iştirak edib və bu gün neft məhsullarına olan tələbatının 100 faizə qədərini məhz Azərbaycandan idxalla qarşılayır.
İtaliya həm də Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində dəstək verən ölkələr arasında ön sırada dayanır. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir.
Cənub Qaz Dəhlizi (CQD) Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. Cənub Qaz Dəhlizinin son hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır. Azərbaycanın TAP qaz boru kəmərinin vaxtında reallaşması sayəsində İtaliya digər ölkələrə nisbətən enerji təhlükəsizliyini təmin etmiş ölkəyə çevrilib. Aİ ilə əldə olunmuş razılığa əsasən TAP vasitəsilə nəql olunan mavi yanacağın həcminin iki dəfəyə qədər artırılması nəzərdə tutulur. Bu proses də İtaliya bazarına ixrac etdiyimiz qazın həcminin artması deməkdir.
Ötən illər ərzində iki ölkənin enerji sahəsində əməkdaşlığında da mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da SOCAR və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.
Aİ ölkələri arasında Azərbaycanın bir nömrəli tərəfdaşı
İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətləri, iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliya öz birinciliyini qorumaqdadır. İki ölkə arasındakı ticari əlaqələrin statistik göstəricilərinə nəzər salsaq, sürətli artım tempini müşahidə edərik. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 11 milyard 73 milyon 487 min ABŞ dolları olub və bu rəqəm ötən illə müqayisədə 2,5 dəfə çoxdur (ötən il 4 milyard 618 milyon 952 min ABŞ dolları olub). Azərbaycandan İtaliyaya ixracın dəyəri 10 milyard 901 milyon 469 min dollardır. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 6 milyard 544 milyon 85 min dollar artım deməkdir. İxracda əsas payı mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar tutur. Ölkəmiz yeddi ayda İtaliyadan 172 milyon 18 min dollar dəyərində məhsul idxal edib ki, bunlara əsasən nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri, qara metallardan məmulatlar və əczaçılıq məhsulları aiddir. Həmçinin İtaliyanın Azərbaycanda 150-yə yaxın şirkəti fəaliyyət göstərir. Bundan əlavə, İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox, Azərbaycan isə İtaliya iqtisadiyyatına 135 milyon dollar investisiya qoyub və ölkəmizin kimya və metallurgiya sənayesinin yenidən qurulmasında iştirak edir.
Haqqın, ədalətin yanında olan dövlət
İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyən, rəşadətli, müzəffər Ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən dövlətdir. İtaliyalı senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. Yeri gəlmişkən, İtaliya Vətən müharibəsindən sonra da Azərbaycanın postkonflikt dövründəki ədalətli mövqeyini dəstəkləyib. İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “Il Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və başqa mətbuat orqanları Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini işıqlandırıblar. Bu mətbu orqanlar Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc ediblər.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində də fəal iştirak edir. Elə buna görə də ilk müqavilələr Türkiyə və İtaliya şirkətləri ilə imzalanıb. Artıq bu ölkə şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri səmərəliliyi və keyfiyyətinə görə diqqət çəkir. Hazırda isə respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkəti tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda da işlər uğurla aparılır.
Prezident İlham Əliyevin bu tarixi dövlət səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir.
Göründüyü kimi, rəsmi bakının xarici siyasətində bütün detallara nəzər yetirməsi, cənab Pezidentin fikirlərində səmimiyyətə, qarşılıqlı hörmətə və milli maraqlara xüsusən diqqət ayırması əksər ölkələrə Azərbayacana dost gözü ilə baxmasına şərait yaradıb.

