Şamaxıda meyvə yığımı davam edir
Şamaxı rayonunda meyvə və giləmeyvə yığımı davam edir, artıq 395,8 tondan çox məhsul toplanıb.
Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yığılan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 11 ton çoxdur. Bölgənin şimal dağlıq ərazilərində də meyvə yığımı sürətlənib.
Qeyd edək ki, meyvəçilik Şamaxıda kənd təsərrüfatının ənənəvi sahəsidir. Təbii iqlim şəraiti burada alma, armud, gilas, gavalı, qoz, fındıq, xurma və digər meyvə bağları üçün əlverişlidir. Hazırda rayonda 749,4 hektardan çox meyvə bağı var. Bunun 574, 8 hektarı bar verir. İndiyədək meyvə və giləmeyvə bölgənin daha çox Göylər, Carhan, Məlikçobanı, Quşçu və digər bir sıra cənub və orta ərazilərində yığılır.

