Bu il meyvə və qoz-fındığın ixracında 25,1 faiz artım olub
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları olub.
ARANTV.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2 faizini təşkil edib.
Bu ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1 faiz artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları olub.
Aqrar məhsullar strukturunda 3,4 faizlik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb.
Aqrar-sənaye məhsullarının strukturunda 8,6 faizlik paya malik çay ixracı 53,9 faiz artaraq 8,5 milyon ABŞ dolları olub.
Sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4 faiz artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb.

