Cəbhədən Xəbər 

Ordumuzu “Ovçu”ya çevirəcək silahlar…

Azərbaycan müdafiə sənayesinin inkişafında daha böyük hədəfləri olduğunu nümayiş etdirdi

Koronavirus pandemiyasının yaratdığı məcburi fasilədən sonra avqustun 6-da Bakı Ekspo Mərkəzində açılışı olan “ADEX” – 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bir sıra mühüm məqamlara görə xüsusi əhəmiyyət kəsb edir. Bu sərgilər təşkilatçı və iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma rolunu oynamaqla bərabər, bir sıra tanınmış dünya şirkətlərinin, həmçinin Azərbaycanın hərbi-sənaye kompleksinin gücünün və qüdrətinin nümayişinə də imkan yaratmış oldu.

Qeyd edək ki, Azərbaycanda ordu quruculuğu istiqamətində uzun illər həyata keçirilmiş kompleks tədbirlərə Silahlı Qüvvələrimizin müasir silah və hərbi texnika ilə yüksək səviyyədə təminatı da daxil olduğundan bu sahədə məqsədyönlü addımlar atıldı. Bu zaman dünyanın aparıcı şirkətləri ilə danışıqların aparılması və ən yeni silah və texnikaların alınması istiqamətində görülən işlərlə yanaşı, milli müdafiə sənayesinin yaradılması, yerli istehsalın təşkili da diqqətdən kənarda qalmadı. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyinin yaradılması isə bu sahədə ciddi nailiyyətlərin əldə edilməsini şərtləndirən vacib addım oldu. Məhz bu nazirliyin yaranmasından sonra Azərbaycanın çoxsaylı hərbi-sənaye kompleksi məhsullarının istehsalına və qısa vaxta bir sıra dünya ölkələrinə ixracına nail olundu.

Fəxrlə xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuzun arsenalında olan yerli silah növləri, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları (PUA), sirehli texnikalar döyüşdə özlərini ən yaxşı tərəfdən göstərə bildilər. Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilmiş müxtəlif kalibrli güllə və mərmilər, atıcı silahlar, snayper tüfəngləri, “Gürzə”, “Tufan” və digər zirehli maşınlar torpaqlarımızın azadlığı uğrunda gedən müharibənin qələbəmizlə yekunlaşmasına öz töhfələrini vermiş oldular.

“ADEX” və “Securex Caspian” sərgiləri isə göstərdi ki, Azərbaycan müharibədən ötən iki ilə yaxın vaxt ərzində öz müdafiə sənayesini daha da inkişaf etdirə, yeni nəsil silah və texnikaların yaradılmasına, istehsalına nail ola bilmişdir. Bu hərbi məhsullar arasında ən diqqətçəkəni, sözsüz ölkəmizdə yerli imkanlar hesabına istehsal edilən mina aşkarlayan robotun təqdimatı oldu. “İmprotex İndustries” şirkəti tərəfindən hazırlanmış robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub və ötən həftə uğurla sınaqdan keçirilib. Bu robotun ən böyük üstünlüyü dözümlü və keyfiyyətli olması ilə bərabər, həm də dünyada öz sinfidən olan robotlardan daha ucuz başa gəlməsidir. İşğaldan azad edilmiş torpaqlarımızın ermənilər tərəfindən kütləvi şəkildə mina və partlamamış döyüş sursatı ilə çirkləndirildiyini, bunun hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli quruculuq işlərinin aparılmasına ən böyük maneə törətdiyini nəzərə alsaq, robotun istehsalının Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığı məlum olar.

“ADEX”də sərgilənən daha bir yeni məhsul “Tiltrotor” adlı pilotsuz uçuş aparatı idi. 250 kq-a qədər yük daşıma qabiliyyətinə malik olan aparat uçuş-eniş zolağına bağlı olmayan taktiki yüklərin məhdud logistika şəraitində təcili və avtonom çatdırılmasına hesablanıb. Unikal konstruksiya əsasında yüksək manevr imkanları olan “Tiltrotor”a gələcəkdə qanadaltı raketlərin quraşdırılması da nəzərdə tutulur. Fəxrlə söyləmək olar ki, aparatın bütün komponentləri ölkədə yığılır.

Sərgidə ilk dəfə ölkəmizdə istehsal edilmiş uzaqdan idarə olunan stabilizə silah sistemi də nümayiş etdirildi. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilmiş uzaqdan idarə olunan stabilizə silah sisteminin hədəfin avtomatik izlənməsi, avtomatik ballistik hesablama kimi özəllikləri var.

Həm İkinci Qarabağ müharibəsi, həm da hazırda davam edən Rusiya-Ukrayna müharibəsi göstərdi ki, pilotsuz uçuş aparatları və dronlar müasir dünya hərbinin mənzərəsini tamamilə dəyişməkdədir. Bu baxımdan ölkəmizdə yeni nəsil PUA və dronların istehsalı təqdirəlayiqdir. “ADEX”də nümayiş etdirilən “Ovçu” minaatan dronu hərbi sənayemizin inkişaf istiqaməti kimi bu sahəyə xüsusi diqqət ayrıldığını göstərir.

Qeyd edək ki, müşahidə və hədəfi tuşlama funksiyalatını yerinə yetirə bilən “Ovçu” yaxın təmas döyüşləri üçün nəzərdə tutulub. O, havada 20 dəqiqə qala bilir, 150 metrdən 500 metrədək effektiv döyüş aparmaq imkanı verir. Dron 82 mm-ik 4 ədəd mina daşımaq qabiliyyətinə malikdir ki, bu da “Ovçu”nun döyüş zamanı təhlükəli bir düşmən ovçusuna çevrilə bilməsi deməkdir.

IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə İnnovativ Müdafiə İstehkam Kompleksi də nümayiş etdirildi. Qurğu sərhədlərin təhlükəsizliyini innovativ hərbi sənaye məhsulları ilə gücləndirmək və əsgərlərin təhlükəsizliyini təmin etmək üçün azərbaycanlı mühəndislər tərəfindən yaradılıb və artıq kompleks azad edilən ərazilərdə yerləşdirilib.

“ADEX” və “Securex Caspian” sərgilərinin ən böyük əhəmiyyəti ölkəmizin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Silahlı Qüvvələrimizin mövcud və artmaqda olan imkanlarının nümayiş etdirilməsi oldu. Hər kəs gördü ki, Azərbaycan müasir ordu quruculuğu istiqamətində əldə etdiyi böyük uğurlarla kifayətlənmək fikrində deyil – şanlı ordumuz daha da güclənməli, ən müasir hərbi təhcizata malik olmalıdır. Bunu üçün isə imkanımız da var, əzmimiz də.

 

Daha çox xəbərlər