Gündəm 

Azərbaycanın müstəqilliyini əbədi edən siyasət

Bu il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər etmişdir. Səfər çərçivəsində iki dövlət arasında bir sıra mühüm müzakirələr aparılmış və qərarlar qəbul olunmuşdur.

Sentyabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə İtaliyanın Çernobbio şəhərində keçirilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etmişdir. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında ölkəmizin daxili və xarici siyasətilə bağlı mühüm, əhəmiyyətli məsələlərə toxunmuşdur. Ölkə Başçısı çıxışında təhsil, enerji təhlükəsizliyi, iki dövlət arasında mühüm əməkdaşlıq və bu kimi məsələlərlə yanaşı ölkəmizin müstəqillik və qonşuluq siyasətinə də toxunmuşdur.

Azərbaycan Respublikası artıq otuz ildir müstəqil dövlətdir. Bu otuz ildə dövlətin güclənməsi və problemlərin həlli istiqamətində mühüm siyasi yol tutmuşdur. Müstəqilliyini qorumaqla qonşu respublikalarla normal münasibətlər qurmaq, beynəlxalq hüquq normalarına əməl etmək ölkənin əsas siyasi strategiyasıdır. Azərbaycan hər zaman bu mövqeyə sadiq qalmışdır.

Azərbaycanın qonşu dövlətlərlə olan münasibəti, əməkdaşlıq siyasəti və uğurlu tərəfdaşlıqla bağlı atdığı addımlar məlumdur. Müstəqillik siyasətində bu əsas amillərdən biri kimi qorunmuşdur. Həmin istiqamətdə aparılan uğurlu siyasət öz nəticəsini vermişdir.

Tutduğu mövqe və ona sadiqlik dünya dövlətləri arasında Azərbaycanın siyasi nüfuzunu artırmışdır. Müstəqillik qazandıqdan sonra ölkədə görülən iqtisadi və siyasi işlər, müxtəlif dövlətlərlə mühüm əməkdaşlıqlar bu siyasi xəttin düzgün qurulmasından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında “artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik” fikri bir daha göstərdi ki, Azərbaycan hüquqi müstəviyə uyğun olaraq uğurlu siyasətlə irəliləyir, inkişaf edir.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər