Gündəm 

Böyük Qayıdışın ilk qədəmləri: Növbəti karvan Ağalıya yol alır

2020-ci il sentyabrın 27- də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür.

Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Bölgədə böyük infrastruktur işləri görülür, yaşayış binaları inşa olunur. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı kənd” layihəsi əsasında istifadəyə verilib, həmçinin beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin əraziləri müəyyənləşdirilib.

Hazırda işğaldan azad edilmiş ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, hərtərəfli şəkildə elektrik enerjisi ilə təchiz olunur. Azərbaycan, eyni zamanda, azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Ümumilikdə, yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.

Erməni vandallarının daşı daş üstündə qoymadığı, viran etdiyi Zəngilan rayonunun Ağalı kəndlərində Azərbaycan qısa müddətdə “ağıllı kənd” qurub. Bu “ağıllı kənd”də müasir şəhərlərə xas infrastruktur tam hazır formadadır. Ağalıda kənd meydanında 30 ilə qədər müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

2022-ci il may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev sakinlərlə görüşü zamanı bildirmişdi: “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi”.

2022-ci ili iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.

Bu günlərdə Ağalı kəndinə köçün 2-ci mərhələsi həyata keçirilib. İşğaldan azad edilmiş Zəngilana qayıdışın ikinci mərhələsində ümumilikdə 25 ailənin məcburi köçkünlük həyatına son qoyulub. Sentyabrın 7-də 12 ailə olmaqla 63 sakinin doğma dədə-baba yurdlarına, Ağalı kəndinə köçü baş tutub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev sakinləri doğma yurdlarına qayıtmaları münasibəti ilə onları təbrik edərək kənd haqqında məlumat verib.

Böyük sevinc hissi ilə demək olar ki, sakinlərin rifah içərisində yaşaması üçün kənddə bütün zəruri şərait yaradılıb. Demək olar ki, Ağalı kəndində bütün infrastruktur xidmətlər- “ASAN xidmət, “Azərpoçt” MMC-nin rayon şöbəsi, DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri, bank, supermarket şəbəkələri və s. “Gillmed” Tikiş Fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi mövcuddur. Burada yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Ən əsası odur ki, bütün bu fəaliyyət sahələrində Ağalı kəndinin sakinləri çalışırlar. V.Hacıyev bildirib ki, köçürülən sakinlərin arasında müəllimlər də var. Kənddə inşa edilən 360 nəfərlik məktəbdə son hazırlıq işləri aparılır ki, şagirdlər yeni dərs ilində məktəbə gedə bilsinlər.

Bir sözlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmalarına imkan yaradıb.

Daha çox xəbərlər