Cəmiyyət 

Bir ömürlük həsrətim…

Şəhid Kənan Quliyevin əziz xatirəsinə anasının dilindən:

 

Bu vəfasız həyatda tək sən idin mükafatım,

Yeganə oğul payım , bu dünyam, kainatım.

Səndən sonra cəhənnəm oldu mənim həyatım

Gəl, artıq göz yaşları qoy qurusun ananın,

Nə olar məni sənsiz qoyub getmə, Kənanım.

 

Bu dünyaya gəlişin toy-bayram oldu bizə,

Arxa oldun atana, yandın hər dərdimizə.

Sən rahatlıq verərdin daim ürəyimizə,

İndi sənsiz alışıb atəşinə qalanım,

Nə olar məni sənsiz qoyub getmə, Kənanım.

 

Hər ağrımı, acımı səninlə unutmuşdum,

Kövrəlsəm bu qəlbimi tək sənlə ovutmuşdum.

Mən səninlə bağlı nə xəyallar qurmuşdum,

İndi məzar başında keçir mənim zamanım,

Nə olar məni sənsiz qoyub getmə, Kənanım.

 

Əsən qara küləklər ömrümü viran edir,

Yuxularım qarışır, gözümün nuru gedir.

Sənsiz dünya qaralır, sevinc məni tərk edir,

Bir ömürlük həsrətim, məni məndən alanım,

Nə olar məni sənsiz qoyub getmə, Kənanım.

 

Bilirəm ki, səsimi duyursan, dinləyirsən,

Sən yenə də ruhunla məni əzizləyirsən.

Toxuna bilməsəm də uzaqdan izləyirsən

Gəl, səninlə qovuşsun ümidlərim, gümanım,

Nə olar məni sənsiz qoyub getmə, Kənanım.

Xuraman Cəfərli,
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Kitabxana Sisteminin Qabıllı kənd kitabxana filialının müdiri

Daha çox xəbərlər